İslam İnkişaf Bankı İnstitutu (IsDBI) Azərbaycanda sukuk buraxılışı üçün normativ-hüquqi bazanın formalaşdırılması üzərində işləyir.
Bunu Trend-ə eksklüziv müsahibəsində İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində IsDBI-nin baş direktor vəzifəsini icra edən Sami Əl-Süveylim deyib.
O bildirib ki, institut Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək.
“Məsələn, biz artıq Mərkəzi Bankla fəal şəkildə işləyirik. Məqsəd sukuk buraxılışı üçün mexanizmin hazırlanmasına, eləcə də islam bankları və ümumilikdə islam maliyyə institutları üçün qaydaların və tənzimləyici bazanın formalaşdırılmasına kömək etmək və dəstək verməkdir. Bu, İslam İnkişaf Bankının həmin maliyyə institutları vasitəsilə Azərbaycan iqtisadiyyatının inkişafına və tərəqqisinə dəstək məqsədilə iştirakını genişləndirməyə imkan verəcək. Qeyd etdiyim kimi, biz sukuk bazarının inkişafı məsələlərində — həm potensialın artırılması, həm də bu alətlər üçün normativ-hüquqi bazanın hazırlanması istiqamətində Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edirik. Sukukun Azərbaycan iqtisadiyyatına necə dəstək verə biləcəyinə gəlincə, onlar ölkədə layihələrin həyata keçirilməsini və genişləndirilməsini dəstəkləmək üçün əlavə maliyyələşmə mənbəyi təmin edir. Bu baxımdan sukuk ölkə üçün əlavə maliyyələşmə və resursların səfərbər edilməsi mənbəyinə çevriləcək”, — deyə o əlavə edib.
Qeyd edək ki, IsDBI və Beynəlxalq İslam Ticarət Maliyyələşdirmə Korporasiyasının (ITFC) “Azərbaycanda islam maliyyəsi: yeni üfüqlərin açılması” adlı birgə hesabatında Azərbaycanın 2030-cu ilədək 500 milyon ABŞ dollarına qədər həcmdə ilk sukuk buraxılışını həyata keçirə biləcəyi proqnozlaşdırılır.
“Biz proqnozlaşdırırıq ki, 2030-cu ilədək, yəni beşillik perspektivdə, Azərbaycanın təxminən 500 milyon ABŞ dolları həcmində debüt sukuk buraxılışı tamamilə mümkün ola bilər. Bu, ölkənin yaxşı suveren kredit profili və mövcud fiskal imkanları nəzərə alınmaqla real görünür. Əsas keyfiyyət xarakterli fərziyyələrdən biri zəruri ekosistem elementlərinin formalaşdırılmasıdır. Buraya, məsələn, dəstəkləyici tənzimləyici mühit, qanunvericilikdə dəyişikliklər və ya islahatlar daxildir”, — hesabatda qeyd olunur.
İslam maliyyəsi dayanıqlı iqtisadi artımın drayveri kimi
Hesabatda bildirilir ki, baza ssenariyə əsasən, Azərbaycanda islam bankçılığı aktivlərinin həcmi 2035-ci ilədək təxminən 2,7 milyard ABŞ dollarına çata bilər. Bu isə 2035-ci ildə proqnozlaşdırılan ümumi bank aktivlərinin 5 faizini təşkil edəcək. Optimist ssenaridə isə aktivlər 3,6 milyard ABŞ dollarına çata bilər. Bu halda penetrasiya səviyyəsi 10 faiz olacaq.
Sami Əl-Süveylim qeyd edib ki, islam maliyyəsi maliyyə sistemini real iqtisadiyyatla inteqrasiya edir, real iqtisadiyyat isə öz mahiyyətinə görə mövcud resurslarla məhdudlaşır.
“Buna görə də istehsal, ticarət və rifahın artımı islam maliyyəsi baxımından əsas amillərdir. İqtisadiyyatın dayanıqlılığını təmin etməyin yolu rifahın formalaşdırılması, məhsuldarlığın artırılması, ticarətin inkişafı və cəmiyyət üzvləri arasında sərvətin yenidən bölüşdürülməsinə dəstək verilməsindən keçir. Bu elementlər dayanıqlı iqtisadiyyatın əsasını təşkil edir. İslam maliyyəsi niyə innovasiyaları stimullaşdırır? Çünki islam maliyyəsi mal və xidmətlərə sahibliklə bağlı risklərin qəbulunu nəzərdə tutur. Məhz bu əsas riskqəbuletmə həmin risklərin rifahın formalaşdırılması hesabına minimuma endirilməsi və idarə olunması yollarının axtarışını stimullaşdırır. Beləliklə, islam maliyyəsi eyni zamanda məhsuldarlığı, innovasiyaları və rifahın formalaşdırılmasını təşviq edir”, — deyə baş direktor vəzifəsini icra edən şəxs izah edib.
Azərbaycan və GCC arasında əməkdaşlığın əsas sektorları
Hesabata əsasən, Körfəz Əməkdaşlıq Şurası ölkələri Azərbaycanın formalaşmaqda olan islam bankçılığı sektoruna birbaşa xarici investisiyaların ən ehtimal olunan mənbəyi hesab edilir. Sənəddə qeyd olunur ki, Azərbaycanın Qafqazın kəsişmə nöqtəsində yerləşən strateji mövqeyi, Körfəz ölkələri ilə neft-qaz sahəsində əlaqələri, eləcə də GCC dövlətləri ilə artan geosiyasi uyğunlaşması onu islam bankçılığı sektoruna investisiyalar üçün təbii istiqamətə çevirir.
Sami Əl-Süveylim hesab edir ki, Azərbaycanda GCC ölkələri ilə əməkdaşlıqdan faydalana biləcək bir neçə sektor var.
“Azərbaycan neft hasil edən ölkədir. Bu baxımdan neft-kimya sənayesində təcrübə mübadiləsi, həm GCC ölkələrində, həm də Azərbaycanda istehsalın dəstəklənməsi və genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Azərbaycan Asiya ilə Avropa arasında unikal mövqeyə malikdir və bu, Körfəz ölkələri üçün malların, məhsulların və xidmətlərin Asiyanın digər regionlarına və Avropaya ixracı baxımından ‘pəncərə’ rolunu oynaya bilər. Turizm və təhsil də bundan faydalana bilər. Hesab edirəm ki, hər iki tərəfin faydalana biləcəyi çoxsaylı imkanlar mövcuddur”, — deyə o əlavə edib.
Təkafül Azərbaycanda necə uğurlu ola bilər
IsDBI-nin baş direktor vəzifəsini icra edən şəxsi qeyd edib ki, təkafül kooperativ model kimi ölkədə uğurlu ola bilər. Çünki bu model sosial həmrəylik prinsiplərinə əsaslanır.
“Təkafül əməkdaşlıq və ya kooperativ mexanizmlərə əsaslanır. Bu modeldə sığorta şirkəti kommersiya sığortasında olduğu kimi sığorta məhsullarının satışından gəlir əldə edən qurum kimi deyil, daha çox prosesi idarə edən tərəf kimi nəzərdən keçirilir. Mənim məhdud təcrübəm və anlayışım əsasında deyə bilərəm ki, Azərbaycanda cəmiyyət yaxşı təşkilatlanıb. Bu baxımdan təkafül kooperativ model kimi ölkədə kifayət qədər uğurlu ola bilər. Çünki o, Azərbaycanda artıq güclü və dayanıqlı olan sosial həmrəyliyə əsaslanır”, — deyə o əlavə edib.
Bundan əlavə, Sami Əl-Süveylim bildirib ki, IsDBI Azərbaycanın fintex şirkətləri və startapları ilə əməkdaşlığı davam etdirəcək.
“IsDBI Azərbaycanla potensialın artırılması, təlim və islam maliyyəsi sahələrində işləyir. Biz həmçinin illik görüşlərdən qısa müddət əvvəl süni intellekt sahəsində müsabiqə, eləcə də Azərbaycan iqtisadiyyatında startap yarışması keçirdik. Üç qalibi iyunun 17-də qlobal forumumuzda mükafatlandırdıq”, — deyə o yekunlaşdırıb.