Azərbaycanın yerləşdiyi coğrafi məkan geosiyasi maraqların kəsişdiyi nöqtə olduğundan region həmişə böyük dövlətlərin diqqət mərkəzində olub. Lakin təkcə əlverişli coğrafi mövqe dövlətin inkişafı üçün kifayət etmir. Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ölkənin beynəlxalq iqtisadi münasibətlərdəki rolunu daha da gücləndirib.
Avropa ilə Asiyanı nəqliyyat və tranzit baxımından birləşdirən Azərbaycan Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı üçün mühüm infrastruktur formalaşdırıb. Bu amil Mərkəzi Asiya respublikalarının da diqqətini cəlb edib. Həmin ölkələr Avropa ilə ticarət əlaqələrini məhz Azərbaycan üzərindən genişləndirməyə çalışırlar. Bunun əsas səbəblərindən biri ölkədə mövcud olan ictimai-siyasi sabitlikdir. Çünki iqtisadi inkişafın əsasında məhz sabitlik dayanır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda fəaliyyət göstərən “Özbəkistan Ticarət Evi”nin direktoru Ramin Şərifov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın nəqliyyat-logistika siyasətinin mahiyyətini aydın şəkildə ortaya qoyur: “Prezident İlham Əliyevin dediyi kimi, coğrafi mövqe önəmlidir, lakin bu üstünlük müasir infrastrukturla tamamlanmadıqda lazımi nəticəni vermir. Bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri getdikcə daha çox ölkə üçün strateji təchizat marşrutuna çevrilir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşərək təkcə özünün deyil, bir çox dövlətlərin nəqliyyat əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bu istiqamətdə görüləcək işlər hələ çoxdur və bu məsələ ölkənin əsas prioritetlərindən biridir”.
Ramin Şərifov bildirib ki, son illərdə Orta Dəhlizlə yükdaşımaların həcmi sürətlə artır: “2025-ci ildə bu marşrut vasitəsilə daşınan yüklərin həcmi 5 milyon tona çatıb. Çindən Azərbaycana gələn konteyner qatarlarının sayı, eləcə də Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar rekord səviyyədə artıb. Orta Dəhliz üzrə ümumi tranzit daşımalarının həcmi 2020-ci ildəki 0,8 milyon tondan son illərdə 4,5-4,7 milyon tona yüksəlib. Marşrutun buraxılış qabiliyyətinin yaxın perspektivdə ildə 10 milyon tona çatdırılması nəzərdə tutulur.
Çinin Sian şəhərindən yola çıxan konteyner blok-qatarı Azərbaycan ərazisinə qədər olan məsafəni cəmi 11 günə qət edir. Ənənəvi dəniz marşrutlarında bu müddət 30-45 gün təşkil etdiyindən və Qırmızı dənizdə müşahidə olunan qlobal risklər mövcud olduğundan, Orta Dəhliz daha sürətli və etibarlı alternativ kimi ön plana çıxır. Bu marşrut Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirir”.
Direktorun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər regionda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar Zəngəzur dəhlizi layihəsinin aktuallığını daha da artırıb: “Prezident İlham Əliyevin sülh təşəbbüsləri və regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycanın əsas məqsədinin sülhə, sabitliyə və iqtisadi inkişafa nail olmaq istəyini göstərir. Ekspertlərin qiymətləndirmələrinə əsasən, ilkin mərhələdə illik 15 milyon ton yükdaşıma potensialına malik olan Zəngəzur dəhlizi gələcəkdə həm Orta Dəhlizin, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən birinə çevrilə bilər. Bu, eyni zamanda, Ermənistanın regional iqtisadi proseslərə inteqrasiyasına və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə də imkan yaradacaq”.
Ramin Şərifov vurğulayıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və sülhyönümlü siyasətdir.