Kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyən gənclər üçün “Women in CyberSecurity Azerbaijan” (WiCS Azerbaijan) icmasının təşkilatçılığı ilə “Karyeranızı kibertəhlükəsizlikdə qurmaq istəyirsiniz?” mövzusunda onlayn vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a kibertəhlükəsizlik üzrə ekspert və tədqiqatçı Lamiyə Nəcəfova məlumat verib.
Vebinarın məqsədi iştirakçıları kibertəhlükəsizlik sahəsində mövcud karyera istiqamətləri, bu peşəyə aparan inkişaf yolları və ölkədə mövcud təhsil imkanları barədə məlumatlandırmaq olub. Tədbirdə SOC, GRC, Pentest, Cloud Security kimi aktual istiqamətlər, həmin sahələrdə uğur qazanmaq üçün tələb olunan texniki və şəxsi bacarıqlar ətrafında geniş müzakirələr aparılıb.
WiCS Azerbaijan icmasının üzvləri Zəhra Şahbazova, Mələk Hüseynova, Lamiyə Nəcəfova və Nərgiz Əliyeva çıxış edərək kibertəhlükəsizlik sektorunda peşəkar inkişaf imkanlarından, iş mühitində qarşılaşılan çağırışlardan və şəxsi karyera təcrübələrindən danışıblar. Çıxışlarda beynəlxalq sertifikatların, xüsusilə CompTIA Security+ sertifikatının sahəyə giriş və peşəkar inkişaf baxımından əhəmiyyəti vurğulanıb.
İnteraktiv formatda keçən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara karyera planlaşdırılması və biliklərinin inkişafı ilə bağlı tövsiyələr verilib.
Qeyd olunub ki, bu cür təşəbbüslər kibertəhlükəsizlik sahəsində peşəkar kadr potensialının gücləndirilməsinə, eləcə də qadınların texnologiya sektorunda iştirakının artırılmasına mühüm töhfə verir.