Qlobal logistika zəncirlərinin transformasiyası şəraitində Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən əsas marşrutlardan biri kimi rolunu getdikcə daha inamla möhkəmləndirir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində logistika və beynəlxalq daşımalar sahəsi üzrə özbəkistanlı ekspert Bobur Sirojiddinov səsləndirib.
Onun sözlərinə görə, bu istiqamətə maraq davamlı şəkildə artır ki, bu da onun region ölkələri üçün strateji əhəmiyyətini əks etdirir. Beynəlxalq nəqliyyat sistemində həm şimal, həm də cənub marşrutlarının fəal inkişafı müşahidə olunur. Bununla yanaşı, Orta Dəhliz dayanıqlı artım dinamikası nümayiş etdirir və xüsusilə logistika marşrutlarının şaxələndirilməsinə diqqətin artdığı şəraitdə mövqelərini tədricən gücləndirir.
Ekspert vurğulayıb ki, marşrut böyük potensiala malikdir, lakin bununla yanaşı, infrastrukturun ayrı-ayrı elementlərinin daha da inkişaf etdirilməsinə və iştirakçı ölkələr arasında koordinasiyanın təkmilləşdirilməsinə ehtiyac duyulur. Söhbət, xüsusilə də marşrutun ayrı-ayrı hissələrinin ötürmə qabiliyyətinin artırılmasından və logistik bağlantının daha da yaxşılaşdırılmasından gedir ki, bu da nəticədə dəhlizin daha səmərəli olmasına imkan verəcək.
Xəzər regionunun coğrafi xüsusiyyətlərinin təsiri ayrıca qeyd olunur. Bu xüsusiyyətlər gəmiçilik sahəsinin özünəməxsusluğunu formalaşdırır və logistika həllərinin daim uyğunlaşdırılmasını tələb edir. Bununla belə, ekspertin sözlərinə görə, həmin xüsusiyyətlər artıq bu gün daşımalar sahəsində yeni texnoloji və infrastruktur yanaşmalarının inkişafını stimullaşdırır.
Tranzit səmərəliliyindən danışan B.Sirojiddinov logistika proseslərinin daha da optimallaşdırılmasının və multimodal həllərin təkmilləşdirilməsi hesabına çatdırılma müddətinin azaldılmasının vacibliyini qeyd edib. O bildirib ki, Orta Dəhliz artıq beynəlxalq şəraitin dəyişdiyi bir dövrdə ən etibarlı və ən çox ehtiyac duyulan marşrutlardan biri kimi qiymətləndirilir.
Ekspert inkişafın əsas istiqamətləri sırasında infrastrukturun modernləşdirilməsini, nəqliyyat imkanlarının genişləndirilməsini, həmçinin region ölkələri arasında dəmir yolu və liman əlaqələrinin daha da möhkəmləndirilməsini xüsusi qeyd edib. Onun fikrincə, daşımalarla bağlı sənəd və tarif prosedurlarında daha vahid yanaşmaların formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Bu isə bazar iştirakçıları üçün şəffaflığın və rahatlığın artmasına töhfə verəcək.
Müsbət nümunə kimi o, regionun ayrı-ayrı nəqliyyat marşrutlarında koordinasiya və qarşılıqlı fəaliyyət sahəsində uğurlu təcrübələri qeyd edib. Həmin marşrutlarda artıq vahid tarif yanaşmasının elementləri və proseslərin mərkəzləşdirilmiş idarə olunması tətbiq edilib. Özbəkistanlı ekspert hesab edir ki, bu cür təşəbbüslər əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas yaradır.
Müsahibədə multimodal daşımaların və soyuq zəncir sisteminin inkişafı mövzusuna da ayrıca toxunulub. B.Sirojiddinov vurğulayıb ki, bu istiqamət perspektivlidir və infrastrukturun, o cümlədən anbar imkanlarının və ixtisaslaşmış nəqliyyat vasitələrinin daha da inkişaf etdirilməsini tələb edir. Bu isə daşınan məhsulların çeşidinin genişlənməsinə imkan verəcək.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi məsələsinə də geniş diqqət ayrılıb. Ekspert qeyd edib ki, təşkilat fəaliyyətinin iqtisadi komponentini tədricən gücləndirir və nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır. Bununla yanaşı, o, biznes ictimaiyyətinə yönəlmiş praktiki əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
B.Sirojiddinov regionun nəqliyyat əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib. Buraya perspektivli dəmir yolu layihələri və Mərkəzi Asiya, Qafqaz və Türkiyəni birləşdirən marşrutların genişləndirilməsi də daxildir.
O, həmçinin vurğulayıb ki, Orta Dəhlizin dayanıqlı inkişafı infrastrukturun ardıcıl şəkildə təkmilləşdirilməsi, dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsi və birgə logistika təşəbbüslərinin həyata keçirilməsinə özəl sektorun fəal cəlb olunması hesabına təmin ediləcək.