Xəzərin dibi ilə çəkiləcək fiber-optik rabitə xətti üçün kabel Kurık limanına çatdırılıb

Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik rabitə xəttinin inşası üçün nəzərdə tutulan sualtı kabel Qazaxıstanın Kurık limanına çatdırılıb.

Bu barədə “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin məlumatında bildirilir.

Qeyd olunub ki, gömrük prosedurları başa çatdıqdan sonra kabel çəkiliş işlərinə başlamaq üçün Azərbaycana göndəriləcək. Gələcək xəttin marşrutu üzrə artıq Qazaxıstan və Azərbaycanın ərazilərində sahil quyularının yerləşəcəyi ərazilər müəyyənləşdirilib.

Şirkət xatırladıb ki, sualtı kabelin çəkilişi 2026-cı ilin yayına planlaşdırılıb.

 

Hazırda Qazaxıstan sahillərində üfüqi istiqamətli qazma işləri aparılır. Sahilyanı qayalıq qruntda dənizin dibini sahil quyusu ilə birləşdirəcək mühafizə kabel kanalı yaradılır. Qazma işləri başa çatdıqdan sonra Azərbaycan tərəfdən gələcək kabeldüzən gəmi sualtı kabeli hazırlanmış kanala çıxararaq onun sahil stansiyasına qoşulmasını təmin edəcək.

Xatırladaq ki, Azərbaycanın və Qazaxıstanın telekommunikasiya şirkətləri — AzerTelecom və Kazakhtelecom — Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlığa dair memorandumu 2022-ci ilin sentyabrında Astanada keçirilən beynəlxalq forum çərçivəsində imzalayıblar.

Layihə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan genişmiqyaslı "Digital Silk Way" (“Rəqəmsal İpək Yolu”) təşəbbüsü çərçivəsində həyata keçirilir.