ABŞ Ticarət Departamentinin Beynəlxalq Ticarət Administrasiyası (ITA) Trend-in sorğusuna cavab olaraq bildirib ki, ABŞ Azərbaycanla kritik minerallar, multimodal bağlantı və digər sahələrdə əməkdaşlıq imkanları görür.
“Birləşmiş Ştatlar fevral ayında Prezident İlham Əliyev və ABŞ vitse-prezidenti Jey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş sahələr üzrə genişləndirilmiş kommersiya əməkdaşlığı üçün əhəmiyyətli potensial görür. Biz xüsusilə rəqəmsal transformasiya sahəsində, o cümlədən bulud infrastrukturu, kibertəhlükəsizlik və elektron hökumət həlləri istiqamətlərində Azərbaycanla əməkdaşlıq üçün böyük imkanlar görürük. Bu sahələrdə Amerika şirkətləri qabaqcıl texnologiyalara malik qlobal liderlərdir.
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) və Azərbaycanın strateji coğrafi mövqeyini nəzərə alaraq, infrastruktur və logistika sahəsində, xüsusilə multimodal bağlantı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı istiqamətində də böyük əməkdaşlıq potensialı görürük”, – deyə Beynəlxalq Ticarət Administrasiyasından bildirilib.
ITA-dan həmçinin Ələt Azad İqtisadi Zonasında qabaqcıl istehsal, kritik mineralların emalı və ABŞ-nin yüksək səviyyəli texnologiyaları və investisiyalarından faydalana biləcək digər sahələr üzrə imkanlara maraq ifadə olunub.
“ITA ticarətin təşviqi proqramları və ikitərəfli kommersiya dialoqu çərçivəsində bu sektorlar üzrə azərbaycanlı tərəfdaşlarla fəal əməkdaşlıq edir”, – deyə qurumdan qeyd edilib.
Bundan əlavə, ITA Azərbaycan-ABŞ arasında ilk İqtisadi Dialoqu Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsində mühüm addım kimi qiymətləndirib. Bildirilib ki, bu dialoq yüksək səviyyədə nümayiş etdirilən siyasi iradənin konkret ticarət və investisiya nəticələrinə çevrilməsinə xidmət edir.
“Bütün bu proseslər birlikdə ənənəvi enerji əlaqələri ilə yanaşı, getdikcə daha çox texnologiya, innovasiya və strateji sənaye tərəfdaşlıqları ilə xarakterizə olunan yetkin ikitərəfli münasibətlərin inkişafını əks etdirir”, – deyə ITA-da vurğulanıb.
ITA və ABŞ Kommersiya Xidməti Amerika şirkətlərinin Azərbaycandakı bazar imkanları ilə əlaqələndirilməsi üçün əsas alət kimi ticarət missiyalarını fəal şəkildə dəstəkləyir.
“Qısamüddətli əməkdaşlıq üçün əsas diqqət mərkəzində olan sahələr rəqəmsal infrastruktur, enerji keçidi və logistika/bağlantıdır ki, bu da Cənubi Qafqaz üzrə daha geniş kommersiya prioritetlərinə uyğundur. Cənubi Qafqaz mühüm ticarət dəhlizlərinin kəsişməsində yerləşir və ABŞ üçün strateji və kommersiya baxımından getdikcə daha böyük əhəmiyyət daşıyan regiondur.
ITA regionda Amerika kommersiya iştirakının institusional əsaslarını gücləndirmək, Amerika şirkətlərini yerli şəbəkələr və hökumətlərarası kanallarla əlaqələndirmək məqsədilə ABŞ və Azərbaycan sənaye qrupları ilə əməkdaşlığa hər zaman açıqdır. Azərbaycan enerji mərkəzi, nəqliyyat dəhlizlərinin logistika qovşağı və getdikcə daha çox texnoloji investisiyalar üçün cəlbedici istiqamət kimi bu sistemdə mərkəzi rol oynayır”, – deyə ITA-dan bildirilib.
Qeyd edək ki, iyun ayının əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu zamanı Azərbaycan və ABŞ arasında mühüm sazişlər imzalanıb.
Belə ki, İqtisadiyyat Nazirliyi ilə “Oracle” arasında anlaşma memorandumu, həmçinin SOCAR ilə “Lummus Technology” arasında strateji əməkdaşlıq sazişi imzalanıb.
“Oracle” ilə imzalanmış memorandum ölkədə rəqəmsal infrastrukturun inkişafına, müasir texnologiyaların tətbiqinə və texnologiya transferi sahəsində fəal əməkdaşlığa töhfə verəcək. Eyni zamanda, SOCAR ilə “Lummus Technology” arasında bağlanmış saziş səmərəli həllərin və sənaye texnologiyalarının tətbiqi üzrə əməkdaşlığı əhatə edir.