Bu ilin yanvar-may aylarında Azərbaycandan 5,132 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,724 milyard ABŞ dolları və ya 3,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları alıcıları siyahısında ilk beşlikdə Böyük Britaniya (3,471 milyard ABŞ dolları), Rusiya (433,7 milyon ABŞ dolları), Türkiyə (306,2 milyon ABŞ dolları), Gürcüstan (229,7 milyon ABŞ dolları) və İsveçrə qərarlaşıb (178,7 milyon ABŞ dolları).
Ümumilikdə isə, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 178 milyon dollar və ya 0,8% azdır.
Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 2,969 milyard dollar və ya 27% artıb, idxal isə 3,147 milyard dollar və yaxud 31,6% azalıb.
Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 6,116 milyard dollar və ya 6,9 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi ön plana çıxır və bu sahə artıq iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, qeyri-neft sektoru ölkənin investisiya cəlbediciliyinin əsas drayveridir.
Nazirin sözlərinə görə, "Azerbaijan Investment Outlook" sessiyasında Azərbaycanın iqtisadi və investisiya imkanları beynəlxalq investorlara təqdim olunub və bu imkanlar milli inkişaf prioritetlərinə əsaslanır.
"Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib", – deyə Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, investisiya baxımından ən perspektivli istiqamətlər qeyri-neft sənayesi, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, nəqliyyat-logistika, turizm, bərpa olunan enerji, maliyyə xidmətləri və rəqəmsallaşma sahələridir.
Nazirin sözlərinə görə, Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi, aşağı dövlət borcu, yüksək valyuta ehtiyatları, əlverişli coğrafi mövqeyi və beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri ölkənin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır.
Mikayıl Cabbarov bildirib ki, hökumət qeyri-neft ixracının genişləndirilməsi istiqamətində logistika və nəqliyyat xərclərinə dəstək verir, kredit zəmanəti və faiz subsidiyası mexanizmlərini tətbiq edir, sənaye parkları və azad iqtisadi zonalar vasitəsilə investorlar üçün daha əlverişli biznes mühiti yaradır.
"Azərbaycan öz coğrafi üstünlüklərindən və inkişaf etmiş nəqliyyat-kommunikasiya infrastrukturundan istifadə etməklə Orta Dəhliz üzərində mühüm tranzit və logistika mərkəzinə çevrilib", – deyə nazir vurğulayıb.