Azərbaycandan ABŞ-yə məhsul ixracı 38%-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 384,531 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 166,2 milyon ABŞ dolları və ya 30,2% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,85%-i həcmində olub.

Bu ilin yanvar-may aylarında Azərbaycandan ABŞ-yə 43 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 milyon ABŞ dolları və ya təqribən 37,9% çoxdur.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 341,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 178 milyon ABŞ dolları və ya 34,3% azalma deməkdir.

Ümumilikdə isə, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 178 milyon dollar və ya 0,8% azdır.

Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 2,969 milyard dollar və ya 27% artıb, idxal isə 3,147 milyard dollar və yaxud 31,6% azalıb.

Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 6,116 milyard dollar və ya 6,9 dəfə çoxdur.

Ümumilikdə Azərbaycanla ABŞ iqtisadi əlaqələri müsbət istiqamətdə inkişaf etməkdədir. Buna misal olaraq qarşılıqlı görüşlərin təşkili və müvafiq sazişlərin imzalanmasını qeyd edə bilərik. Belə ki, Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak ediblər.

Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) və Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün əhəmiyyətli perspektivlər mövcuddur. Birgə layihələrin müəyyənləşdirilməsi, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üzrə konstruktiv dialoq ikitərəfli əməkdaşlığa töhfə verəcək”.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında biznes, ticarət və iqtisadi investisiyalar sahəsində ikitərəfli imkanların genişləndirilməsinə sadiq olduqlarını vurğulayan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr bildirib: “Bu istiqamət ABŞ-nin Vitse-Prezidenti Cey Di Vens və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu ilin fevral ayında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas prioritetlərindən biridir. Dialoq çərçivəsində müzakirə olunacaq layihə və təşəbbüslərin nəticələri, eləcə də ikitərəfli iqtisadi münasibətlərin daha da gücləndirilməsi üçün mövcud imkanlar Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək”.