"PAŞA Bank"ın IPO-su bazar kapitallaşmasının ÜDM-ə nisbətini 4 faizə yaxınlaşdırıb - Ruslan Xəlilov

Azərbaycanda bazar kapitallaşmasının ümumi daxili məhsula (ÜDM) nisbəti "PAŞA Bank"ın IPO-su nəticəsində təxminən 1 faiz bəndi artaraq 4 faizə yaxınlaşıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov "PAŞA Bank” ASC səhmlərinin kütləvi təklifi üzrə emissiyanın qeyd olunması və səhmlərlə təkrar bazar əməliyyatlarının başlanmasına həsr olunmuş “Açılış Zəngi” mərasimində deyib.

Ruslan Xəlilov bildirib ki, son üç ildə Azərbaycanda həyata keçirilən ikinci IPO ölkənin kapital bazarlarının inkişafında yeni mərhələnin başlanmasından xəbər verir.

“30 ildən artıq kapital bazarı tarixi olan bir ölkədə son üç il ərzində üçüncü, eyni zamanda ikinci IPO-nun uğurla yerləşdirilməsi bizə daha böyük əminliklə deməyə imkan verir ki, Azərbaycan kapital bazarı yeni mərhələyə qədəm qoyur. Bu mərhələ səhm emissiyaları vasitəsilə kapital cəlbinin genişlənməsi ilə xarakterizə olunur”, – deyə o qeyd edib.

BFB sədri vurğulayıb ki, bu ekosistemin formalaşmasında Azərbaycan Mərkəzi Bankının xüsusi rolu olub.
“İstər hüquqi-normativ bazanın təkmilləşdirilməsi, istər texnoloji və ekspert dəstəyi baxımından Mərkəzi Bank kapital bazarlarının inkişafına mühüm töhfə verib. Bu sahədə yeni mərhələnin başlanması üçün zəruri vizionun formalaşdırılması və bazar iştirakçılarına ötürülməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Ruslan Xəlilov həmçinin Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin son illərdə kapital bazarlarının texnoloji və institusional inkişafı istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.

 

“Son üç ildə kapital bazarları üçün texnoloji sistemlərin qurulması, bazar iştirakçıları ilə inteqrasiyanın təmin edilməsi, listinq, ticarətə qəbul, ticarətin təşkili və digər normativ mexanizmlərin təkmilləşdirilməsi istiqamətində böyük əmək sərf olunub”, – deyə o qeyd edib.

BFB sədri “PAŞA Bank”ın IPO prosesini də yüksək qiymətləndirib.
“Bu IPO son dərəcə peşəkar şəkildə təşkil olunub. Bankın maliyyə göstəricilərinin təqdimatı, investorlarla kommunikasiya və verilən sualların ətraflı cavablandırılması yüksək səviyyədə həyata keçirilib. Artıq indidən görünür ki, investorlarla münasibətlər sistemi peşəkar şəkildə qurulub və bu, gələcəkdə səhmlərin təkrar bazarda ticarətinə də müsbət təsir göstərəcək”, – deyə o vurğulayıb.

Ruslan Xəlilov qeyd edib ki, IPO-nun makroiqtisadi əhəmiyyəti də böyükdür.

“Azərbaycanda bazar kapitallaşmasının ümumi daxili məhsula nisbəti indiyədək təxminən 2,7-3 faiz səviyyəsində olub. "PAŞA Bank"ın IPO-su nəticəsində bu göstərici təxminən 1 faiz bəndi artaraq 4 faizə yaxınlaşır. Bu isə kapital bazarlarının və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfədir”, – deyə o əlavə edib.

O, həmçinin IPO prosesində iştirak edən investisiya şirkətlərinə və bazar iştirakçılarına təşəkkür edib.

“Bu uğur təkcə "PAŞA Bank"ın deyil, bütövlükdə bazarın uğurudur. Bank bu prosesdə aparıcı rol oynasa da, broker və investisiya şirkətlərinin, o cümlədən "PAŞA Kapital", "ABB İnvest" və "Unicapital"ın dəstəyi mühüm əhəmiyyət daşıyıb”, – deyə Ruslan Xəlilov bildirib.