Özəl pensiya fondu Azərbaycanın kapital bazarını gücləndirə bilər - "PensionsEurope" rəhbəri (MÜSAHİBƏ)

Azərbaycanda çoxpilləli pensiya sisteminin inkişafı, xüsusilə ikinci və üçüncü pensiya sütunlarının formalaşdırılması həm pensiya təminatının dayanıqlığını gücləndirə, həm də ölkənin maliyyə bazarına uzunmüddətli investisiya resursları cəlb edə bilər.

Bunu "PensionsEurope" təşkilatının Baş katibi və Baş icraçı direktoru Matti Leppala Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsveç pensiya sistemləri arasında əsas oxşarlıqlardan biri birinci sütunda şərti müəyyən edilmiş töhfə (NDC) hesablarının tətbiq edilməsidir.

“Bu, hər iki ölkədə uğurla həyata keçirilmiş və müsbət nəticələr vermiş islahatlardan biridir. Eyni zamanda, Azərbaycanda fondlaşdırılmış pensiya sisteminin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Lakin əsas sual insanların bu sistemə necə cəlb olunacağıdır. Keçmişdə könüllü ödəniş imkanları olsa da, buna maraq məhdud olub. İsveçdə isə fondlaşdırılmış hissəyə ödənişlər daha çox məcburi xarakter daşıyır və əlavə könüllü yığımlar üçün də stimullar mövcuddur. Bu baxımdan Azərbaycanda da yığım prosesinin daha əlçatan və təşviqedici olması mühüm əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

 

M.Leppala qeyd edib ki, maliyyə baxımından dayanıqlı çoxpilləli pensiya sistemi ümumi sistemin sabitliyini artırır və dövlət maliyyəsi üzərindəki yükü azaldır.

“Azərbaycanda dövlət büdcəsindən pensiya sisteminə transfertlər həyata keçirilir. Çoxpilləli model bu təzyiqin azalmasına kömək edə bilər. Bundan əlavə, pensiya fondlarının vəsaitlərinin investisiyalardan əldə etdiyi gəlirlər sistemin maliyyə dayanıqlığını gücləndirir. Əhalinin yaşlanması və demoqrafik göstəricilərin dəyişməsi fonunda insanların əmək fəaliyyəti dövründə öz pensiyaları üçün əlavə vəsait toplaması gələcəkdə pensiya təminatının həm adekvatlığını, həm də sabitliyini artırır”, – deyə o vurğulayıb.

"PensionsEurope" rəhbərinin sözlərinə görə, özəl pensiya fondlarının yaradılması həm də yerli kapital bazarlarının inkişafına mühüm töhfə verə bilər.

“Bir çox ölkələrin təcrübəsi göstərir ki, özəl pensiya fondları formalaşdıqdan sonra onlar yerli kapital bazarlarına və yerli şirkətlərə daha çox investisiya yatırırlar. İnvestorlar və fondlar adətən daha yaxşı tanıdıqları iqtisadiyyata üstünlük verirlər. Bəzi ölkələrdə bununla bağlı hüquqi tələblər mövcud olsa da, sonradan bu məhdudiyyətlər aradan qaldırılanda belə, vəsaitlərin əhəmiyyətli hissəsi yenə də yerli bazarlara yönəlir. Bu yanaşma özəl pensiya fondları yaradan bir çox ölkələrdə iqtisadi inkişaf və kapital bazarlarının dərinləşməsi baxımından müsbət nəticələr verib”, – deyə M.Leppala əlavə edib.