Balıqçılıq və akvakultura “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətlərindən biridir. Bu Dövlət Proqramında ümumilikdə beş prioritet istiqamət müəyyən edilib və onlardan biri məhz balıqçılıq və akvakultura sahələrinin inkişafı, bu sahədə tədbirlərin həyata keçirilməsi və dəstək mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Milli Məclisin Aqrar siyasət komitəsinin iyunun 25-də keçirilən iclasında səsləndirib.
O bildirib ki, balıqçılıq və akvakultura sahələri kənd təsərrüfatı fəaliyyətinin tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə müvafiq institusional dəyişikliklər, yeni təşəbbüslər və inkişaf proqramları hazırlanmaqdadır. Bu təşəbbüslər həm Dövlət Proqramından irəli gələn hədəflərə, həm də sahənin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.
Nazir müavini vurğulayıb ki, “Balıqçılıq haqqında” Qanun 1998-ci ildə qəbul edilib və son illərdə bu sahədə baş verən institusional, texnoloji, ekoloji və beynəlxalq idarəetmə dəyişikliklərini tam şəkildə əks etdirmir. Buna görə də qanunvericiliyin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması zəruridir.