Bişkek Bakı ilə Azərbaycandan neft tədarükünün artırılmasını müzakirə edir - Nazir (ÖZƏL)

Bişkek Bakı ilə Azərbaycandan neft tədarükünün artırılması məsələsini müzakirə edir.

Bunu Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Bakit Sıdıkov Almatıda keçirilən Avrasiya İnkişaf Bankının (AİB) İllik Toplantısı və biznes forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

“Qırğızıstan və Azərbaycan neft və neft məhsullarının tədarükünün artırılması məsələsi üzrə danışıqlar aparır. Bu, həm Azərbaycan, həm də Qırğızıstan Respublikası üçün kifayət qədər yeni təşəbbüsdür, buna görə də əlavə işlənməyə ehtiyac var. Ümumilikdə bu məsələ ilə bağlı qarşılıqlı hazırlıq və ümumi anlaşma mövcuddur.

Tədarük həcmləri hələ razılaşdırılmalıdır, çünki Qırğızıstanın müəyyən tələbatı, Azərbaycanın isə müvafiq imkanları var. Tələbat və tədarük həcmləri arasında optimal balans tapılmalıdır”, - deyə o bildirib.

Sıdıkov həmçinin qeyd edib ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 100 milyon dollara qədər artırılması planlaşdırılır.

“Layihələr portfeli artıq formalaşdırılıb. Onlardan bəziləri ilkin təsdiq və ilkin layihə müraciətlərinə baxılması mərhələsindədir. Bundan əlavə, artıq ilkin seçimdən keçmiş bir sıra layihələr də var”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, Qırğızıstan Orta Dəhlizin inkişafında, xüsusilə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsi vasitəsilə iştirak etməkdə maraqlıdır.