Azərbaycan və Rusiyanın kriptovalyutaların tənzimlənməsi sahəsində əməkdaşlıq potensialı var - nazir müavini (ÖZƏL)

Azərbaycan və Rusiyanın kriptovalyutaların və rəqəmsal valyutaların tənzimlənməsi sahəsində əməkdaşlıq potensialı var.

Bunu Rusiyanın maliyyə nazirinin müavini İvan Çebeskov Almatıda keçirilən Avrasiya İnkişaf Bankının (AİB) İllik Toplantısı və biznes forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

“Biz tərəfdaşlarımızla, məsələn, AİB kimi inkişaf institutlarında iştirak imkanlarını müzakirə etdik. Belə əməkdaşlığın həm AİB, həm də regionumuz daxilində inteqrasiya layihələri üçün potensialını yüksək qiymətləndiririk. Buna görə burada böyük perspektivlər görürük və bu mövzunun müzakirəsini davam etdirəcəyik.

Bundan əlavə, maliyyə istiqaməti üzrə rəqəmsal maliyyə aktivləri və virtual aktivlərin tənzimlənməsinə yanaşmaların müəyyən sinxronlaşdırılmasının müzakirəsi üçün də potensial görürük”, - deyə Çebeskov bildirib.

 

Onun sözlərinə görə, bu sahə çox dinamik inkişaf edir.

“Rusiya Federasiyasında biz rəqəmsal maliyyə aktivləri və virtual aktivlərlə bağlı qanunvericilik qəbul etmişik. Hazırda tənzimləmənin tətbiqi prosesi gedir və ümid edirəm ki, parlamentin bu sessiyasında rəqəmsal valyutalarla bağlı qanunvericilik qəbul olunacaq.

Söhbət kriptovalyutaların və rəqəmsal valyutaların kompleks tənzimlənməsindən, eləcə də bu bazarda tənzimlənən vasitəçilərin yaradılmasından gedir. Buna görə düşünürəm ki, azərbaycanlı həmkarlarımızla bu sahədə birlikdə işləməli olduğumuz məsələlər var”, - deyə o qeyd edib.