Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu Azərbaycanın sığorta bazarının inkişafına mühüm töhfə verəcək.
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abbas Miskərli XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, forumda 20-dən çox ölkədən tanınmış sığorta mütəxəssislərinin iştirakı yerli bazarın beynəlxalq təcrübədən yararlanması üçün geniş imkanlar yaradır.
“Bu gün burada 20-dən çox ölkənin sığorta sahəsində tanınmış mütəxəssisləri iştirak edir. Onların əksəriyyəti daha inkişaf etmiş sığorta bazarlarını təmsil edirlər və təbii olaraq həmin bazarların təcrübəsindən öyrənəcəyimiz çox məqam var. Azərbaycanın müstəqillik tarixini və bazarın inkişaf mərhələsini nəzərə alsaq, bu, tamamilə normaldır”, - deyə o bildirib.
A.Miskərli qeyd edib ki, forum yalnız Azərbaycanın beynəlxalq təcrübədən faydalanmasına deyil, eyni zamanda ölkənin sığorta sahəsində əldə etdiyi nailiyyətlərin digər dövlətlərlə paylaşılmasına da imkan yaradır.
“Burada iqtisadiyyatı və sığorta bazarı daha zəif inkişaf etmiş ölkələrin nümayəndələri də iştirak edirlər. Onlar da Azərbaycan təcrübəsini öyrənirlər. Məsələn, icbari avtomobil sığortasının rəqəmsallaşdırılması sahəsində əldə etdiyimiz nəticələr bir çox ölkələr üçün maraq doğurur. Bəzi dövlətlərdə bu istiqamətdə proseslər hələ tam formalaşmayıb və onlar bizim təcrübəmizdən yararlanırlar”, - deyə o vurğulayıb.
İcraçı direktor əlavə edib ki, Azərbaycanın sığorta qanunvericiliyində aparılan davamlı yeniliklər də xarici tərəfdaşların marağına səbəb olur.
“Mərkəzi Bank sığorta sektorunun inkişafı istiqamətində ardıcıl iş aparır. Qanunvericilikdə edilən dəyişikliklər, qarşılaşdığımız problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı təcrübə rolunu oynayır”, - deyə A.Miskərli bildirib.
O, həmçinin yaxın dövrdə sığorta sektorunda bir sıra mühüm yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
“Forum çərçivəsində səsləndirilən çıxışlarda da qeyd olunduğu kimi, sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin bir hissəsi sığorta vasitəçilərinin fəaliyyətini əhatə edəcək”, - deyə o qeyd edib.
A.Miskərlinin sözlərinə görə, fiziki şəxslər üçün icbari əmlak sığortasının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.
“İcbari əmlak sığortasının modernləşdirilməsi nəzərdə tutulur. Məqsəd vətəndaşların xüsusilə katastrofik risklərdən daha etibarlı şəkildə qorunmasını təmin etməkdir. Mövcud yanaşmaya əsasən, bu yeniliklərin sığorta haqlarının artmasına səbəb olmayacağı və əhali üçün əlavə maliyyə yükü yaratmayacağı gözlənilir. Əksinə, vətəndaşlar daha geniş sığorta təminatı əldə edəcəklər”, – deyə o bildirib.
İcraçı direktor vurğulayıb ki, Mərkəzi Bank tərəfindən sığorta bazarının peşəkar iştirakçılarına yeni tələblərin tətbiqi də planlaşdırılır.
“Bir sıra peşələr üzrə attestasiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu proses nəticəsində sığorta şirkətlərinin əməkdaşları, agentlər və brokerlər daha yüksək peşəkarlıq səviyyəsinə malik olacaqlar. Bu da öz növbəsində həm sektorun inkişafına, həm də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək”, - deyə A.Miskərli əlavə edib.