Şimali Kipr ilə Azərbaycan arasında sığorta sahəsində əməkdaşlıq genişləndirilə bilər – Assosiasiya prezidenti (ÖZƏL)

Türk dövlətləri arasında, o cümlədən Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında sığorta sahəsində texnoloji infrastruktur, təkrarsığorta (reasürans) və risklərin paylaşılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Bunu Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Assosiasiyasının Prezidenti Börte Kağan Barlasoğlu Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, əməkdaşlıq yalnız ikitərəfli deyil, bütün Türk dövlətlərini əhatə edən formatda inkişaf etdirilə bilər.

“İlk növbədə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və digər Türk dövlətləri arasında texnoloji infrastruktur sahəsində əməkdaşlıq qurula bilər. Təkrarsığorta və risklərin paylaşılması istiqamətlərində də birgə fəaliyyət mümkündür. Düşünürəm ki, bu əməkdaşlıq bütün Türk dövlətlərini əhatə edəcək”, – deyə o bildirib.

B.K.Barlasoğlu Azərbaycanın Türk dünyasında sığorta sektorunun inkişafı baxımından önəmli mövqeyə malik olduğunu vurğulayıb.

“Azərbaycanın Türk dövlətləri arasında Türkiyədən sonra ən böyük bazarlardan birinə və ən qabaqcıl texnoloji imkanlara sahib olduğunu görürük. Bu imkanların və təcrübələrin qarşılıqlı şəkildə paylaşılması bütün regionun sığorta sektorunun inkişafına töhfə verə bilər”, – deyə o qeyd edib.

 

Assosiasiya prezidenti bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti kiçik ölkə olmasına baxmayaraq, inkişaf etmiş sığorta sektoruna malikdir və öz təcrübəsini digər Türk dövlətləri ilə bölüşməyə hazırdır.

“Şimali Kipr Türk Cümhuriyyəti olaraq kifayət qədər inkişaf etmiş sığorta sektoruna sahibik. Biz öz bilik və təcrübəmizi Türk dünyasındakı tərəfdaşlarımızla bölüşə bilərik. Eyni zamanda, aktuariya və sığorta təhsili sahəsində də əməkdaşlıq imkanları mövcuddur. Universitetlərimizdə aktuariya və sığortaçılıq ixtisasları fəaliyyət göstərir. Bu potensialdan istifadə etməklə Türk dünyası üçün peşəkar kadrların hazırlanmasına birgə töhfə verə bilərik”, – deyə o əlavə edib.

Forumla bağlı gözləntilərindən danışan B.K.Barlasoğlu bu cür beynəlxalq platformaların Şimali Kipr üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Bu forum çox uğurlu və faydalı platformadır. Burada iştirak etmək bizim üçün olduqca önəmlidir. Şimali Kipr beynəlxalq arenada müxtəlif məhdudiyyətlərlə üzləşən ölkədir. Belə tədbirlərdə iştirak etmək, digər ölkələrin təcrübəsini öyrənmək və əlaqələr qurmaq bizim üçün böyük əhəmiyyət kəsb edir”, – deyə o vurğulayıb.

Assosiasiya prezidentinin sözlərinə görə, forum çərçivəsində daha inkişaf etmiş sığorta bazarlarının təcrübəsini öyrənmək və bu təcrübələri Şimali Kiprdə tətbiq etmək imkanları əldə olunur.

“Burada daha inkişaf etmiş sığorta sektorlarının hansı istiqamətlərdə fəaliyyət göstərdiyini görür, öyrənir və öz bazarımızın inkişafı üçün yeni imkanlar müəyyənləşdiririk. Bu baxımdan forum bizim üçün çox dəyərlidir”, – deyə B.K.Barlasoğlu qeyd edib.