Türk dövlətlərinin sığortaçıları İstanbulda yeni əməkdaşlıq formatlarını müzakirə edəcəklər (ÖZƏL MÜSAHİBƏ)

Türk dövlətlərinin sığorta təşkilatları arasında yeni əməkdaşlıq memorandumlarının imzalanması məsələsinə Türk Dünyası Sığortaçılar Birliyinin İstanbulda keçiriləcək növbəti iclasında baxıla bilər.

Bunu Qırğızıstan Sığortaçılar Assosiasiyasının prezidenti Ulan Baktıgulov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.

“Gündəliyin məsələlərindən biri, yəqin ki, mümkün əməkdaşlıq memorandumlarının müzakirəsi olacaq. Həmin vaxta qədər biz bu məsələni işləyib hazırlayacağıq. Qırğızıstan və Azərbaycanın sığorta bazarlarının nümayəndələri artıq Türk Dünyası Sığortaçılar Birliyi çərçivəsində sıx əməkdaşlıq edir və birgə layihələrin həyata keçirilməsində maraqlıdırlar.

Həm Qırğızıstan bazarı, həm də Azərbaycan bazarı buna çox maraqlıdır. Ümid edirəm ki, bütün layihələrimizi birgə reallaşdıracağıq”, - deyə o bildirib.

Qırğızıstan Sığortaçılar Assosiasiyasının prezidenti tərəflərin sığorta sahəsi üzrə mütəxəssislərin təcrübə mübadiləsi və ixtisaslarının artırılması üçün daimi platformanın yaradılmasında maraqlı olduqlarını da vurğulayıb.

 

“Biz aktuari və digər mütəxəssislərin təlimi məsələlərində qarşılıqlı fəaliyyət göstərməliyik. Birgə təlim keçmək və mütəxəssislərimizin ixtisasını artırmaq üçün belə bir platforma yaratmağa çalışacağıq”, - deyə U.Baktıgulov qeyd edib.

O, rəqəmsal sığorta və innovativ texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərindən danışarkən bildirib ki, bu məsələ forum çərçivəsində hələ ayrıca müzakirə olunmayıb, lakin sahənin inkişafında prioritet istiqamətlərdən biri olaraq qalır.

U.Baktıgulovun sözlərinə görə, sığorta sektoru zamanla ayaqlaşmalı və rəqəmsallaşma istiqamətində fəal inkişaf etməlidir.

“Bu məsələni Azərbaycan Assosiasiyasından olan həmkarlarımızla mütləq nəzərdən keçirəcəyik. Hazırda informasiya və yüksək texnologiyalar əsridir, buna görə də rəqəmsallaşma sığorta fəaliyyəti üçün aktual vəzifə olaraq qalır”, - deyə o vurğulayıb.