Dünya üçün rəqəmsallaşma artıq yenilik deyil. Bu gün qlobal inkişafın əsas istiqaməti süni intellekt texnologiyalarının geniş tətbiqidir. Bizim əsas məqsədimiz isə maliyyə institutlarında rəqəmsallaşma səviyyəsini daha da yüksəltmək və süni intellekt həllərinin tətbiqini genişləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Mərkəzi AMB-nin "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirdiyi maarifləndirici tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda artıq filialsız bankçılıq modeli reallığa çevrilib.
“Bir neçə il əvvəl yalnız perspektiv kimi qiymətləndirilən rəqəmsal maliyyə xidmətləri bu gün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Hazırda bank hesabının açılması, pul köçürmələrinin həyata keçirilməsi və digər maliyyə əməliyyatlarının icrası üçün əksər hallarda bank filialına və ya xidmət məntəqəsinə şəxsən müraciət etməyə ehtiyac qalmır. Bu xidmətlərin böyük hissəsi rəqəmsal platformalar vasitəsilə məsafədən təqdim olunur ki, bu da texnologiyaların sürətli inkişafının və maliyyə sektorunda rəqəmsal transformasiyanın mühüm nəticəsidir”, - deyə AMB rəsmisi qeyd edib.