Enerji səmərəliliyi enerji təhlükəsizliyini gücləndirmək üçün ən güclü vasitələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, enerji səmərəliliyi həmçinin, xərcləri azaltmaq və iqtisadi rəqabəti artırmaq üçün mövcud olan ən güclü vasitələrdən biri olaraq qalır.
“Ən əsası, bu, hər bir ölkənin bol miqdarda sahib olduğu resursdur. Bu gün Monrealda götürülən öhdəliklər enerji siyasətinin mərkəzində səmərəliliyi qoymaq və daha təhlükəsiz, dayanıqlı və davamlı qlobal enerji sisteminə doğru irəliləyişi sürətləndirmək üçün güclü beynəlxalq qətiyyəti nümayiş etdirir. 1970-ci illərin neft böhranları enerjidən istifadə üsulunda əsaslı irəliləyişlərə səbəb olduğu kimi, bugünkü böhran da səmərəlilik üzrə daha sürətli tədbirlər üçün katalizator rolunu oynayır”, - deyə Fatih Birol əlavə edib.
Qeyd edək ki, Kanada hökumətinin sahibliyi ilə Monrealda keçirilən Beynəlxalq Enerji Agentliyinin 11-ci İllik Qlobal Enerji Səmərəliliyi Konfransında bütün qitələrdən olan nazirlər və yüksəkvəzifəli şəxslər iştirak ediblər. Qəbul edilən birgə bəyanatda ölkələr Yaxın Şərq müharibəsinin təsirləri ilə mübarizə apararkən ev təsərrüfatlarını və müəssisələri qiymət dəyişkənliyindən qorumaq və gələcək şoklara qarşı dayanıqlığı gücləndirmək üçün daha güclü səmərəlilik tədbirləri barədə razılığa gəliblər.