Ekspert: Avropa İttifaqının Orta Dəhlizə marağı getdikcə artır

Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) son illərdə Avrasiya məkanında alternativ tranzit marşrutundan daha geniş geoiqtisadi və geosiyasi əhəmiyyətə malik platformaya çevrilməkdədir. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən bu marşrut təkcə yük daşımalarının təşkili üçün deyil, həm də regional inteqrasiyanın və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm rol oynayır. Orta Dəhliz boyunca yerləşən dövlətlərin marşrutun dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq üçün son illərdə həyata keçirdikləri birgə tədbirlərin sayı artmaqdadır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhliz Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutu kimi strateji əhəmiyyət qazanıb. Bu səbəbdən, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya ölkələri liman, dəmir yolu və logistika infrastrukturuna investisiyaları artırırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, Şərqi Asiya regionu üzrə ekspert Vüsal Quliyev deyib.

Ekspert bildirib ki, TITR-in inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi, Xəzər dənizində yükdaşıma imkanlarının genişləndirilməsi və gömrük prosedurlarının rəqəmsallaşdırılması ilə daha da intensiv hal alır. Sözügedən dəhlizin uğuru təkcə fiziki infrastrukturdan deyil, həm də dövlətlər arasında koordinasiya, vahid tarif siyasəti və rəqəmsal inteqrasiya hesabına mümkün olur: “Bu tendensiyanın son nümunələrindən biri 2026-cı il mayın 8-də Qazaxıstanın “KTZ Express” və Türkiyənin “Pasifik Eurasia” şirkətlərinin təşkil etdiyi konteyner qatarı daşınması oldu. İzmir şəhərindən Çinin Çenqsyan şəhərinə yola salınan qatar Azərbaycanın Ələt və Qazaxıstanın Aktau limanları vasitəsilə Orta Dəhliz boyunca hərəkət edərək mənzil başına çatıb. Qırx futluq konteynerlərdən ibarət qatar karvanı marşrutun şərq istiqamətində yük daşımaları üçün kommersiya baxımından səmərəli və etibarlı alternativə çevrildiyini nümayiş etdirib”.

Orta Dəhlizə Avropa İttifaqının marağının da nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan V.Quliyev deyib: “2026-cı il yanvarın 29-da Avropa İttifaqı ilə Azərbaycan arasında “Global Gateway” strategiyası çərçivəsində investisiya və nəqliyyat layihələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Bu əməkdaşlığın regionda nəqliyyat infrastrukturunun inkişafına, avtomobil yollarında yük sıxlığının azaldılmasına və nəqliyyatdan yaranan karbon emissiyalarının aşağı salınmasına töhfə verəcəyi gözlənilir. Qazaxıstan da Orta Dəhlizin inkişafında aparıcı aktorlardan biri kimi çıxış edir. Fevralın 18-də Qazaxıstan və Estoniya arasında keçirilən rəsmi görüşdə Trans-Qafqaz marşrutu boyunca dəmir yolu əməkdaşlığının genişləndirilməsi barədə razılıq əldə olunub. Qeyd edək ki, 2025-ci ildə iki ölkə arasında dəmir yolu ilə yükdaşımaların həcmi 2,1 dəfə artaraq 382 min tondan çox olub. Bundan əlavə, fevralın 19-da Qazaxıstan Dəmir Yolları (KTZ) şirkəti Qazaxıstandan Belçikanın Antverpen limanına düyü ixracını Orta Dəhliz vasitəsilə sınaqdan keçirib. Layihə dəmir yolu və dəniz daşımalarının inteqrasiyasına əsaslanaraq marşrutun Avropa bazarlarına çıxış imkanlarını nümayiş etdirib. 2026-cı ilin aprelində Astanada keçirilən beynəlxalq forumda isə yükdaşımaların koordinasiyası, infrastrukturun modernləşdirilməsi, kağızsız logistika sistemləri və ağıllı nəqliyyat texnologiyalarının tətbiqi məsələləri müzakirə olunub. Forumda Qazaxıstanın 2035-ci ilə qədər illik tranzit yük həcmini 100 milyon tona çatdırmaq məqsədilə növbəti dörd il ərzində 5 min kilometr yeni dəmir yolu xətti tikmək planları açıqlanıb. Mayın 14-də Astanada keçirilən danışıqlar zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Orta Dəhlizin potensialının artırılması üçün birgə nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi barədə razılığa gəldilər. Tokayev Qazaxıstan və Türkiyəni “Şərqlə Qərbi birləşdirən möhkəm körpü” adlandıraraq Trans-Xəzər marşrutu üzrə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb”.

Vüsal Quliyevin sözlərinə görə, regional dövlətlər, dəmir yolu operatorları və beynəlxalq maliyyə institutları arasında artan koordinasiya Orta Dəhlizin institusional əsaslarının möhkəmləndiyini göstərir. İnfrastrukturun modernləşdirilməsi, multimodal nəqliyyat sistemlərinin inkişafı, rəqəmsal logistika həllərinin tətbiqi və sərhədlərarası əməkdaşlığın genişləndirilməsi marşrutun uzunmüddətli dayanıqlığını artırır. Bu proseslər nəticəsində Orta Dəhliz sadəcə tranzit marşrutu deyil, Avrasiyanın əsas ticarət və loqistika ekosistemlərindən birinə çevrilmək potensialına malikdir.