Türkiyə Asiyadan Avropaya uzanan ən vacib marşrutlardan biri olan Orta Dəhlizi yüksəktutumlu və rəqabətli ticarət mərkəzinə çevirməyi hədəfləyir.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edib.
Nazir daha sonra qeyd edib ki, Türkiyə “İnkişaf Yolu” layihəsi ilə Körfəzi Türkiyə vasitəsilə Avropaya birləşdirən yeni logistika onurğası yaratmağı planlaşdırır.
İstanbulda keçirilən 5-ci Dənizçilik sammitində Ankaranın nəqliyyat-logistika planlarından bəhs edən nazir deyib: “İndi bu böyük mənzərəyə daha bir çox vacib əlaqə əlavə edirik. Qısa müddət əvvəl Səudiyyə Ərəbistanı ilə yeni və müasir Hicaz dəmir yolunu canlandırmaq üçün anlaşma memorandumu imzaladıq. Bu layihə ilə Hörmüz boğazına alternativ ticarət yolu təklif etməyi planlaşdırırıq. Beləliklə, Körfəz bölgəsindən Avropaya çatan yüklər üçün yeni bir seçim ortaya çıxacaq və ticarət axınları potensial böhranlardan daha az təsirlənəcək”.
Uraloğlu coğrafi mövqeyi, logistika infrastrukturu, enerji dəhlizlərində mərkəzi rolu və təmin etdiyi sabitliklə Türkiyənin təkcə öz bölgəsinin deyil, həm də qlobal miqyasda təhlükəsizliyin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.
O, dəniz sektorunu daha da gücləndirmək yolu ilə qlobal təchizat zəncirlərinə töhfə vermək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək əzmində olduqlarını izah edərək əlavə edib: “Tarix boyu dənizlər təkcə ticarətin deyil, həm də informasiya, texnologiya və mədəniyyətlərin əsas daşıyıcıları olub. Bu gün də eyni reallıqla qarşılaşırıq; dəniz nəqliyyatı gələcəyin açarıdır”.