Analitiklərin neft qiymətlərinin geosiyasi amillərdən asılı olacağı ilə bağlı fikirləri özünü tədricən göstərir. Son 10 gün ərzində dünya bazarında neft qiymətlərinin aşağı düşməsi müşahidə edilirdi. Lakin İran ilə ABŞ arasında əldə olunan razılaşmaya baxmayaraq, Hörmüz boğazında baş verən bir sıra hərbi hadisələr qiymətin düşməsini dayandırdı. Eyni zamanda, ABŞ-nin İrana qarşı hava hücumlarına başlaması və İran xam neftinin satışına yenidən sanksiyalar tətbiq etməsi “qara qızıl”ın qiymətinin 2 dollardan çox bahalaşmasına səbəb oldu.
AZƏRTAC xəbər verir ki, iyulun 7-də Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “Al Rekayyat” tankerinin Hörmüz boğazından keçərkən pilotsuz uçan aparatı ilə vurulması nəticəsində göyərtədə təhlükəli xarakter daşıyan yanğın başlayıb. “Reuters” agentliyi bildirib ki, Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid Al-Ansari baş verən hadisəyə görə məsuliyyətin İranın üzərinə düşdüyünü bəyan edib. Bununla yanaşı, iyulun 7-də Hörmüz boğazında daha bir hadisə baş verib. Səudiyyə Ərəbistanı bayrağı ilə üzən və xam neft daşıyan “Wedyan” super tankeri də raket zərbəsi ilə hədəfə alınıb, gəmi açıq dənizdə qalıb. Bu hadisələr və Qətərin kəskin etirazı onsuz da həssas dövrdən keçən enerji bazarında narahatlıq yaradıb və qiymətlər yüksəlib.
Bütün bu proseslər fonunda, ABŞ-nin Maliyyə Nazirliyi İran xam neft və neft məhsullarının satışı üçün iyunun 21-də qüvvəyə minən müvəqqəti ticarət icazəsini ləğv edib. Təxminən üç həftə əvvəl qüvvəyə minən qərarən ləğvi İranın son 24 saat ərzində Hörmüz boğazında gəmilərə yenidən hava hücumları etməsinə cavab olaraq qəbul edilib. Müəyyən şərtlər əsasənda İran xam neftinin satışına icazə verən müvəqqəti icazə iyulun 7-dən etibarən ləğv edilib. Mövcud əməliyyatların isə iyulun 17-dək tamamlanmasına icazə veriləcək.
Hazırda “Brent” markalı xam neftin bir barelinin qiyməti 76 dollar, “Light” neftinin qiyməti isə 72 dollar civarındadır.
Lakin OPEC+ üzrə neft hasilatının 188 min barel artırılması və Rusiyanın son 4 həftədə 4,22 milyon barel neft ixrac etməsi hələlik qiymətlərin sürətlə artmasının qarşısı alır. Hazırda Rusiyanın “Urals” markalı neftinin 1 barelinin qiyməti 59 dollara düşüb. Buna səbəb Hörmüz boğazından dünya bazarına neft ixracının artmasıdır.
Hələlik bazarın tələb və təklif balansında ciddi pozuntular müşahidə edilmir. Qiymətin dəyişməsi isə geosiyasi amillərə bağlıdır.