Azərbaycan artıq regional rəqabət mərhələsinə daxil olub - Ekspert rəyi

Azərbaycan artıq regional rəqabət mərhələsinə daxil olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

O bildirib ki, təkcə maliyyə deyil, sənayenin inkişafı da nəqliyyat dəhlizlərinin genişlənməsi ilə birbaşa bağlıdır. Dövlətin əsas hədəflərindən biri də məhz bu istiqamətdə inkişafın təmin olunmasıdır: “Azərbaycan yalnız ərazisindən daşınan yüklərdən tranzit gəliri əldə etməklə kifayətlənməməlidir. Əsas məqsəd daşınan məhsulların ölkə daxilində əlavə dəyər zənciri yaratmasına nail olmaqdır. Bu isə yeni istehsal, logistika, xidmət və maliyyə imkanlarının formalaşmasına şərait yarada bilər”.

E.Qəribli qeyd edib ki, belə bir inkişaf üçün maliyyə axınlarının rolu olduqca vacibdir. Bunun üçün isə maliyyə sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması və müəyyən dəyişikliklərin aparılması zəruridir. Onun fikrincə, Azərbaycan artıq regional rəqabət mərhələsinə daxil olub. Türkiyə, Gürcüstan və Qazaxıstan kimi ölkələr xarici investorların və rezident şirkətlərin cəlb olunması üçün ciddi islahatlar həyata keçirirlər. Xüsusilə Türkiyədə son dövrlərdə iqtisadiyyatın inkişafına hesablanmış yeni layihələr və təşviq mexanizmləri tətbiq olunur Azərbaycanın da maliyyə resurslarının cəlb olunması və şəffaflığın artırılması üçün rüsumlar, vergilər və faiz siyasəti daha çevik və liberal olmalıdır. Bu addımlar maliyyə axınlarının genişlənməsinə və ölkənin qlobal maliyyə sisteminə daha sürətli inteqrasiyasına imkan verə bilər. Bu istiqamət postneft iqtisadi strategiyasının əsas elementlərindən birinə çevrilməlidir”.

Onun sözlərinə görə, maliyyə axınlarının artırılması üçün ayrıca strategiyanın hazırlanması vacibdir. Bu strategiya həm yeni qanunların qəbulunu, həm də onların investisiya cəlbi baxımından effektiv marketinq aləti kimi istifadəsini nəzərdə tutmalıdır.

Ekspert əlavə edib ki, xaricdə yaşayan azərbaycanlıların investisiyalarının, qonşu ölkələrin kapitalının və xüsusilə Çin iqtisadiyyatından gələn investisiyaların cəlb olunması vacib istiqamətlərdəndir. Bununla yanaşı, qarşılıqlı investisiya mübadiləsi də genişlənməlidir. Onun fikrincə, bütün bu addımlar nəticə etibarilə Azərbaycanın qeyri-neft və sənaye sektorunun inkişafına mühüm töhfə verəcək.