Rəqəmsal İnkişaf Şurasının ilk iclası göstərdi ki, innovasiyalar, süni intellekt və rəqəmsallaşma vahid dövlət arxitekturasının tərkib hissəsinə çevrilir. Zənnimcə, növbəti məntiqi addım startaplar üçün mərkəzləşdirilmiş rəqəmsal sistemin – vahid rəqəmsal pəncərənin yaradılmasıdır. Bu, mövcud institutları və proqramları tək bir anlaşılan marşrut ətrafında birləşdirəcək.
Bu fikirlər süni intellekt, media texnologiyaları və biznesin rəqəmsal transformasiyası üzrə ekspert Teymur Kusebanın AZƏRTAC-a şərhində yer alıb.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası göstərir ki, rəqəmsallaşma, süni intellekt və innovasiyalar dövlət strategiyasının tərkib hissəsinə çevrilir: “İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” müzakirə edildi. Bu plana dörd əsas sahə üzrə 58 təşəbbüs, o cümlədən rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik daxildir. Dövlət siyasətinin məqsədləri arasında müasir innovasiya ekosisteminin inkişafı, yerli və xarici investisiyaların cəlb edilməsi, Azərbaycan startaplarının dəstəklənməsi xüsusi müəyyən edilib.
Startaplar, süni intellekt, rəqəmsal məhsullar və beynəlxalq miqyaslanmanın kəsişməsində çalışan bir sahibkar kimi, mənim üçün də iclasın məhz bu aspekti ən vacibdir.
Fikrimcə, yeni potensial mərhələnin başlanğıcının şahidi oluruq. Bu, başqa dəstək proqramının, akseleratorun və ya ayrıca qrant müsabiqəsinin ortaya çıxması deyil, məhz dövlətin startap ekosisteminin fərdi elementlərini dəstəkləməkdən onun vahid arxitekturasını qurmağa keçə biləcəyi bir mərhələdir”, - deyə T. Kuseba bildirib.
Ekspertin sözlərinə görə, bu gün əsas problem dəstək mexanizmlərinin olmaması deyil, onların pərakəndəliyidir.
“Ölkədə dövlət qurumları, innovasiya təşkilatları, özəl akseleratorlar, vençur fondları, banklar, universitetlər və texnologiya şirkətləri artıq fəaliyyət göstərir. Dəstək proqramları həyata keçirilir, qrantlar verilir, vergi güzəştləri mövcuddur və beynəlxalq tərəfdaşlar təhsil proqramları, texnologiya kreditləri, mentorluq dəstəyi təklif edirlər. Lakin sahibkarların özləri üçün bütün bunlar hələ vahid sistem kimi görünmür”, - deyə o bildirib.
Ekspert xatırladıb ki, əvvəllər startap ekosistemi üçün “vahid pəncərə” yanaşmasının tətbiqini təklif etmişdi. Bu yanaşma sahibkarların bir dəfə rəqəmsal profil yaratmasını, vahid platforma vasitəsilə bütün dövlət və özəl dəstək alətlərinə çıxış əldə etməsini nəzərdə tutur.
Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının ilk iclasından sonra bu ideya xüsusilə aktuallaşıb, çünki potensial institusional koordinasiya mərkəzi yaranır.
Teymur Kuseba qeyd edib ki, startap müxtəlif inkişaf mərhələlərində biznesin qeydiyyatı, əqli mülkiyyətin qorunması, vergi tənzimlənməsi, maliyyələşdirmə, qrant proqramları, sürətləndirmə, kadr hazırlığı, bank məhsulları, investisiyalar və xarici bazarlara çıxış üçün məsul olan bir neçə dövlət qurumu ilə qarşılıqlı əlaqədə olur.
Ekspert vurğulayıb: “Azərbaycanın mövcud qurumların funksiyalarını təkrarlayacaq yeni təşkilat yaratmasına ehtiyac yoxdur. Sahibkarlara innovasiya ekosisteminə aydın giriş nöqtəsi təmin edəcək mövcud mexanizmləri vahid rəqəmsal sistemə inteqrasiya etmək daha vacibdir”.
Onun fikrincə, Rəqəmsal İnkişaf Şurası innovativ sahibkarlığa hərtərəfli dəstək sisteminin yaradılmasına və rəqəmsal iqtisadiyyatda dövlət siyasətinin həyata keçirilməsinin effektivliyinin artırılmasına imkan verəcək lazımi səviyyədə idarələrarası koordinasiyanı təmin etməyə qadirdir.
T. Kuseba fikirlərinə yekun vuraraq bildirib: “Bizə mövcud sistemin üstündə bir üstqurum - bütün zəruri imkanları açan vahid rəqəmsal qapı lazımdır. Məhz buna görə də Rəqəmsal İnkişaf Şurasının yaradılması startap ekosistemi üçün ilk baxışda göründüyündən daha dərin əhəmiyyət kəsb edə bilər. Rəsmi olaraq, Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının işini əlaqələndirmək, vahid yanaşma hazırlamaq və qərarların vaxtında, effektiv şəkildə həyata keçirilməsini təmin etməkdir. Fikrimcə, startap ekosistemi məhz bu səviyyəli koordinasiyaya ehtiyac duyur”.