Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyub. Ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirməyi hədəfləyən bu strateji proqram daxili bazarda yerli istehsalın payını artırmağı və idxaldan asılılığı minimuma endirməyi nəzərdə tutur. Bu çərçivədə texniki bitkilərin, xüsusilə də yüksək iqtisadi səmərəsi olan şəkər çuğundurunun istehsal potensialının maksimum reallaşdırılması da əsas məqamlardan biridir.
AZƏRTAC-ın bölgə müxbiri İmişli Şəkər Zavodunda məhsulun qəbulu və emalı prosesini yaxından izləyib, fermerlərlə görüşüb.
İmişli Şəkər Zavodunun rəhbəri Ceyhun Salmanov müəssisənin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verərək bildirib ki, zavod artıq 20 ildir fəaliyyət göstərir və Qafqazın ən böyük şəkər zavodudur. Müəssisənin illik istehsal gücü 550 min ton hazır şəkər təşkil edir. Bu göstərici ilə Azərbaycanın daxili tələbatını ödəməklə yanaşı, Türkmənistan, Qırğızıstan, Özbəkistan və digər ölkələrə də məhsul göndərilir.
“Əsas məqsədimiz idxaldan asılılığı minimuma endirmək və şəkər istehsalını tamamilə yerli xammal hesabına təmin etməkdir. Bu səbəbdən artıq ölkəmizdə qışlıq şəkər çuğunduru da becərilir və hazırda zavodda məhsul qəbulu uğurla davam edir”, - deyə o vurğulayıb.
Müəssisənin gələcək inkişaf planlarına əsasən, 2030-cu ilə qədər illik qəbul və emal gücünün daha da artırılması nəzərdə tutulur. Bu isə daha çox şəkər istehsal etməyə imkan verəcək və daxili bazarın böyük bir hissəsinin məhz yerli məhsul hesabına qarşılanmasına şərait yaradacaq.
Bu hədəfə çatmaq üçün fermerlərə lazımi dəstək də göstərilir - onlara yüksək məhsuldar toxumlar paylanır, həmçinin texnika, gübrə və digər zəruri vasitələrlə təmin olunurlar. Zavoda təhvil verilən məhsul laborator analizlərdən keçirilərək çuğundurun şəkərlilik faizi müəyyən edilir və ödənişlər də məhz bu göstəriciyə uyğun olaraq həyata keçirilir.
İyun ayında başlayan qışlıq şəkər çuğunduru yığımının iyul ayında başa çatdırılması planlaşdırılır. Müəssisədə şəkər istehsalı ilə yanaşı, çuğundur cecəsi və melas da əldə edilir. Digər istehsal sahələrinin, xüsusilə də maya və yem sənayesinin inkişafı üçün bu məhsullar çox qiymətli xammal hesab olunur.
Ötən illə müqayisədə bu il ölkədə çuğundur istehsalında artım qeydə alınıb. Belə ki, keçən il 6 min 500 hektar sahədə çuğundur əkilmiş və həmin ərazilərdən 300 min ton məhsul qəbul edilmişdisə, bu il əkin sahəsi 8 min hektara çatdırılıb. Cari ildə hədəf 370 min ton məhsul tədarük etməkdir ki, bu da ötən illə müqayisədə şəkər çuğundurunun qəbulu və emalının təxminən 20 faiz artması deməkdir. Növbəti illərdə isə bu rəqəmin mərhələli şəkildə 800 min tona çatdırılması planlaşdırılır.
Çuğundur əkini ilə məşğul olan fermerlər yaradılan şəraitdən və məhsuldarlıqdan razıdırlar. Fermer Cabir Ağayevlə söhbət edirik. Deyir ki, bu sahə olduqca gəlirlidir: “Ötən ilin payızında əkdiyimiz çuğundur sahələrindən hazırda yığım aparırıq. Bu il müqavilə əsasında 33 hektar sahədə çuğundur əkmişəm ki, bu da əvvəlki illə müqayisədə 3 hektar çoxdur. Növbəti mövsümdə isə əkin sahəmi 50 hektara çatdırmağı planlaşdırıram. Məhsuldarlığımız boldur, yığım müasir kombaynlarla tamamilə itkisiz həyata keçirilir. Zavod tərəfindən toxum, gübrə və texnika ilə vaxtında təmin olunuruq".
Digər fermer Möhübbət Məmmədov isə bildirir ki, bu işlə bir neçə ildir ki, məşğuldur. “Bu il qışlıq çuğundur sahəm 44 hektardır və məhsulumuz çox yaxşıdır. Havaların yağışlı keçməsi çuğundura müsbət təsir etdi və məhsuldarlığı artırdı”, - deyən fermer bildirib ki, hazırda 24 hektar sahədə yığım tamamlanıb. Hektardan orta hesabla 45-55 ton məhsul götürülür. Bəzi sahələrdə isə bu göstərici 65 tona çatır. Növbəti mövsümdə hədəf 55 hektar sahədə əkin aparmaqdır.
Fermer Taleh Namazov da çuğundur becərilməsinin gəlirli olduğunu vurğulayır. “Şəkər çuğunduru becərilməsi həqiqətən də yüksək gəlir gətirən bir sahədir. Ötən illərdə ilk olaraq 6 hektar 80 sot sahədə qışlıq çuğundur əkmişdik və çox yüksək məhsuldarlıq əldə etdik. Bu uğurlu nəticədən sonra sahələri genişləndirmək qərarına gəldim. Hazırda 9 hektar 80 sot sahədə yığım aparırıq. Məhsul çox boldur və növbəti illərdə əkin sahəmi daha da böyütməyi nəzərdə tuturam".
Göründüyü kimi, Azərbaycanda aqrar islahatların dərinləşməsi və dövlət tərəfindən fermerlərə göstərilən davamlı dəstək öz bəhrəsini verməkdədir. 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının uğurlu icrası, İmişli Şəkər Zavodunun emal imkanlarının genişləndirilməsi və fermerlərin innovativ üsullara marağı şəkər çuğunduru sahəsində yaxın illərdə daha böyük uğurlara imza atılacağını göstərir. Sahələrdən toplanan bol məhsul və zavodun yüksək ixrac potensialı göstərir ki, ölkəmiz yaxın gələcəkdə daxili bazarda şəkər istehsalında xaricdən asılılığı tamamilə aradan qaldıraraq bu sahədə regional lider mövqeyini daha da möhkəmləndirəcəkdir.