SOCAR-ın operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi üzrə çöl seysmik işləri uğurla başa çatdırılıb.
Bu barədə SOCAR-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, “Üstyurt” layihəsi üzrə işlər uğurla həyata keçirilir. 2025-ci ilin dekabr ayında “Üstyurt” geoloji-kəşfiyyat layihəsinə start verilib. Bu müddət ərzində sərt iqlim və məhdud kommunikasiya imkanlarına baxmayaraq, SOCAR-ın operatorluğu ilə çöl seysmik işləri uğurla həyata keçirilib”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, layihə regionda yeni texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılıb.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişini (HPBS) imzalayıb.
HPBS-də iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.