Satılmamış geyim və ayaqqabıların məhv edilməsinə qadağa - Aİ-də yeni qərar qüvvəyə minib

Avropa İttifaqında satılmamış geyim, geyim aksesuarları və ayaqqabıların məhv edilməsinə qoyulan qadağa qüvvəyə minib. Yeni qaydalar iri şirkətlərə şamil olunur və tekstil sənayesində israfın azaldılması, məhsulların daha uzun müddət dövriyyədə saxlanılması, həmçinin dövri iqtisadiyyatın inkişafını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, iyulun 19-dan etibarən qüvvədə olan tələblərə əsasən, iri şirkətlər artıq satılmamış və ya geri qaytarılmış geyim, ayaqqabı və geyim aksesuarlarını yandıra və ya poliqonlara göndərə bilməyəcəklər. Orta ölçülü müəssisələr üçün isə bu qaydalar 2030-cu ildən tətbiq ediləcək.

Yeni qaydalara əsasən, satılmamış məhsulların təkrar satışa çıxarılması, ianə edilməsi, təmiri, yenidən istifadəsi və ya təkrar emala yönəldilməsi təşviq olunur. Məhsulların yalnız sağlamlıq və təhlükəsizlik riski yaratdığı, saxta olduğu və ya bərpasının mümkün olmadığı hallarda onların məhv edilməsinə icazə veriləcək.

Avropa Komissiyasının məlumatına görə, hər il Aİ-də satışa çıxarılan tekstil məhsullarının təxminən 4–9 faizi istifadə edilmədən məhv edilir. Yeni tənzimləmənin məqsədi tekstil tullantılarının həcmini azaltmaq, resurslardan daha səmərəli istifadəni təmin etmək və moda sənayesində daha dayanıqlı istehsal modelini təşviq etməkdir.

Mütəxəssislərin fikrincə, yeni qaydalar şirkətləri istehsalın daha dəqiq planlaşdırılmasına, ehtiyatların səmərəli idarə edilməsinə və satılmamış məhsulların məhv edilməsi əvəzinə onların yenidən istifadəsinə və ya təkrar emalına üstünlük verməyə sövq edəcək. Bu addım Avropa İttifaqının dövri iqtisadiyyat və iqlim məqsədlərinin həyata keçirilməsində mühüm mərhələlərdən biri hesab olunur.