Hacıqabul Sənaye Parkında Özbəkistan şirkətləri ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında Azərbaycan-Özbəkistan sənaye əməkdaşlığı çərçivəsində avtomobil istehsalı uğurla davam etdirilir.
Məlumata əsasən, Hacıqabul Sənaye Parkının rezidenti olan “Azərmaş CP” MMC tərəfindən Özbəkistanın “UzAvtoSanoat” SC ilə əməkdaşlıq çərçivəsində bu günədək ümumilikdə 10700-dən çox “Chevrolet” markalı avtomobil istehsal edilib. İstehsal olunan avtomobillər arasında “Labo”, “Damas”, “Malibu”, “Lacetti”, “Tracker”, “Cobalt”, “Nexia”, “Spark”, “Traverse”, “Tahoe”, “Equinox”, “Onix” və “Captiva” modelləri yer alır.
Bununla yanaşı qeyd edilib ki, sənaye parkında “Azərmaş Park” MMC tərəfindən Özbəkistanın “SamAvto” şirkəti ilə əməkdaşlıq çərçivəsində, pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq “ISUZU” markalı nəqliyyat vasitəsi istehsal olunub.
"Sənaye Parkında həyata keçirilən birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir", - məlumatda bildirilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 767 ədəd minik avtomobili istehsal edilib.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 365 ədəd və ya 17,1% azdır.
Cari ilin iyulun 1-nə ölkədə hazır minik avtomobili ehtiyatı 173 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 395 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 249 ədəd və yaxud 2,7 dəfə çoxdur.