2025-ci ildə Azərbaycanda bir mənbədən satınalmaların ümumi məbləği 532 milyon manat artıb.
Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2023-2025-ci illərin müqayisəsi müsabiqəsiz satınalmaların artım tempinin müsabiqəli satınalmalardan daha yüksək olduğunu göstərir.
“Bir mənbədən satınalma üsulu ilə ötən il 9 035 satınalma həyata keçirilib. Bu göstərici say baxımından 7,6 faiz azalsa da, məbləğ ifadəsində təxminən 10 faiz və ya 532 milyon manat artım deməkdir”, - deyə o bildirib.
V.Gülməmmədov qeyd edib ki, bir mənbədən satınalma beynəlxalq praktikada, xüsusilə hərbi və müdafiə sənayesi sahələrində geniş tətbiq olunur.
O əlavə edib ki, Avropa Auditorlar Məhkəməsinin araşdırmalarına görə, Avropa ölkələrində dövlət satınalmalarının 30 faizindən çoxu yalnız bir təchizatçının iştirak etdiyi “tək təklifli tenderlər” şəklində keçirilir ki, bu da mahiyyət etibarilə rəqabəti məhdudlaşdıran satınalma modeli hesab olunur.
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 23-də saat 21:00-da tam şəkildə yayımlanacaq.