Bu ilin yanvar-may aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 140,720 milyon ABŞ dolları dəyərində 418,796 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Ümumilikdə isə 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8% az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon kubmetr və yaxud 5,2% azalıb.
2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Azərbaycanın qaz ixracının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və ölkə boru kəmərləri vasitəsilə qaz təchizatı coğrafiyasına görə dünyada birinci yerdədir.
Türkiyə–Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov layihəni dörd ölkənin siyasi iradəsinin nəticəsi kimi qiymətləndirib.
"Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir. Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına bu gün start verilir. Bu layihə Azərbaycan, Türkiyə, Qətər və Suriya rəhbərlərinin siyasi iradəsi və iqtisadi əməkdaşlığının nəticəsidir. İnanırıq ki, bu təchizat Suriyada iqtisadiyyatın və insanların həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcək", – deyə nazir bildirib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə qeyd edib ki, yaradılmış infrastruktur ilk mərhələdə Suriyaya ildə 2 milyard kubmetrədək təbii qaz ixrac etməyə imkan verəcək.
"Bu gün Azərbaycandan gələn təbii qazı Kilis üzərindən Suriyaya ötürürük. Bu qaz hesabına təxminən 1 200 meqavat gücündə elektrik stansiyaları fəaliyyət göstərəcək və 5 milyon evin elektrik enerjisinə olan tələbatının ödənilməsinə töhfə verəcək", – deyə o vurğulayıb.
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir də layihənin iki ölkə arasında əməkdaşlığın başlanğıcı olduğunu bildirib.
"Bu sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq. Azərbaycanla texniki əməkdaşlığın genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi barədə razılığa gəlmişik", – deyə nazir bildirib.
Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti isə Trend-ə eksklüziv müsahibəsində Azərbaycanın layihədəki rolunu yüksək qiymətləndirib.
"Bu gün Suriyaya ilk qaz tədarükünə başladıq. Bu, Azərbaycan, Türkiyə və Qətərin uğurlu əməkdaşlığının nəticəsidir. Azərbaycanın bu prosesdəki rolunu yüksək qiymətləndiririk və bu tərəfdaşlığın gələcəkdə daha da genişlənməsini istəyirik", – deyə o Trend-ə bildirib.
Energetika naziri Pərviz Şahbazov da vurğulayıb ki, Azərbaycan son illərdə ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib.
"2021-ci ildən etibarən Avropaya təbii qaz tədarükünü 56 faizdən çox artırmışıq. Hazırda Azərbaycan qazı Almaniya, Avstriya və Suriya da daxil olmaqla ümumilikdə 16 ölkəyə ixrac edilir ki, onların 10-u Avropa İttifaqının üzvüdür", – deyə nazir bildirib.