“Sea Breeze” kurort şəhərində ELIE SAAB tərəfindən inşa ediləcək “Panorama” yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Beləliklə, Azərbaycanda ELIE SAAB brendli ilk yaşayış layihəsinin tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihə “Sabah Investment Group” və “Reportage Group” tərəfindən həyata keçirilir.
Mərasimdə dövlət qurumlarının, biznes icmasının və tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər. Mərasimdə “Sabah Investment Group”un təsisçisi Orxan Mustafayev, “Sea Breeze”in təsisçisi Emin Ağalarov və ELIE SAAB Qrupunun baş direktoru oğul Eli Saab çıxış ediblər.
Tədbirdə edən Orxan Mustafayev təməlqoyma mərasiminin layihənin tikinti mərhələsinə keçidini qeyd etdiyini bildirib. O, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam edən inkişaf layihələrinin ümumi həcmini 500 min kvadratmetrdən 2 milyon kvadratmetrə qədər artırmağa imkan verdiyini bildirib.
Təqdim olunan məlumata görə, yaşayış kompleksi “Sea Breeze” sahilində yerləşəcək. Layihənin ümumi sahəsi 23.531 kvadratmetr olacaq. Memarlıq konsepsiyası kompleksin sahil landşaftına inteqrasiyasını nəzərdə tutur.
Layihəyə 550 yaşayış vahidi, o cümlədən bir və ikiotaqlı apartamentlər, duplekslər və penthauslar daxildir. Burada, həmçinin ictimai məkanlar, yaşıl ərazilər, üzgüçülük hovuzları, istirahət zonaları və xidmət infrastrukturu da olacaq.
Emin Ağalarov layihənin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirildiyini və “Sea Breeze” ərazisinin uzunmüddətli inkişafının bir hissəsi olduğunu qeyd edib.
ELIE SAAB Qrupunun baş direktoru oğul Eli Saab isə vurğulayıb ki, layihənin hazırlanması prosesində yaşayış kompleksinin dizaynının Azərbaycanın memarlıq konsepsiyasına və mədəni kontekstinə inteqrasiyası məsələsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, “Panorama by ELIE SAAB” kompleksi ELIE SAAB brendi ilə Azərbaycanda həyata keçirilən ilk layihədir.