Qazaxıstandan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə neft tədarükünün dayandırılması Rumıniyada enerji təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb. Bununla əlaqədar Rumıniya Energetika Nazirliyində əsas neft və yanacaq bazarı iştirakçılarının iştirakı ilə təcili texniki iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Digi24” televiziya kanalı məlumat yayıb.
İclas zamanı ölkənin yanacaqla fasiləsiz təmin olunması üçün bütün mümkün ssenarilər müzakirə edilib. Rəsmilər vəziyyətin inkişafından asılı olaraq strateji neft ehtiyatlarından istifadə imkanını da nəzərdən keçiriblər.
“Digi24”ün məlumatına görə, alternativ tədarük mənbələri sırasında Azərbaycan xüsusi olaraq qeyd olunur. Rumıniya hakimiyyəti və enerji şirkətləri Azərbaycan neftinin idxalının artırılması imkanlarını, eləcə də Yaxın Şərqdən əlavə xam neft tədarükünü qiymətləndirir. Məqsəd Qazaxıstandan tədarükdə yarana biləcək fasilələrin Rumıniya bazarına təsirini minimuma endirməkdir.
Hazırda Rumıniya idxal etdiyi xam neftin böyük hissəsini Qazaxıstandan alır. CPC marşrutunda yaranmış problemlər ölkənin əsas neft emalı müəssisələri olan “Petromidia” və “Petrobrazi” zavodlarının fəaliyyətinə təsir göstərə biləcək əsas risklərdən biri hesab edilir.
Rumıniya hökuməti vəziyyətə tam nəzarət edildiyini bildirir. Energetika Nazirliyi bazarda yanacaq qıtlığının yaranmaması üçün bütün alternativ tədarük marşrutlarının və mənbələrinin qiymətləndirildiyini, zərurət yaranacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini açıqlayıb.