İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi həcmində və yaxud 1 milyard 64,1 milyon manat vəsait istifadə olunub.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat), 29,8 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manatı isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.
Ümumilikdə qeyd edilib ki, 2026-cı ilin yanvar-iyun aylarında iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 5 milyard 608,5 milyon manat, qeyri-maliyyə aktivləri 3 milyard 983,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 2 milyard 324,6 milyon manat, qrantlar və digər ödənişlər 1 milyard 599,7 milyon manat, sosial ödənişlər 1 milyard 643,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 494,2 milyon manat, subsidiyalar 483,2 milyon manat, faizlər üzrə ödənişlər 467,4 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 139,3 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 32,3 milyon manat təşkil edib.
2026-cı ilin yanvar-iyun aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 30,0 faizi həcmində və ya 810,2 milyon manat vəsait sərf olunub.