AZCON Holding və “Amazon Web Services” (AWS) Azərbaycanda “bulud” texnologiyalarının, süni intellekt həllərinin və rəqəmsal transformasiya imkanlarının inkişafına yönəlmiş strateji əməkdaşlıqlığın yeni mərhələsinə başlayıb.
Əməkdaşlıq 2026-cı ilin fevral ayında tərəflər arasında imzalanmış müqavilə əsasında davam etdirilir. Yeni mərhələ AZCON Holding və “AWS”in Azərbaycanın texnoloji inkişafına uzunmüddətli töhfə vermək məramını bir daha təsdiqləyir.
Bu əməkdaşlıq qabaqcıl “bulud” texnologiyalarını yerli müəssisələr və dövlət qurumları üçün daha əlçatan edəcək. Beləliklə, təşkilatlar məlumatlarını və kritik iş yüklərini daha çevik, təhlükəsiz və səmərəli şəkildə idarə edə biləcəklər.
Əməkdaşlığın istiqamətlərindən biri də müasir hibrid arxitekturanın tətbiqidir. Bu yanaşma lokal məlumat mərkəzlərinin “AWS”in “bulud” resursları ilə fasiləsiz, təhlükəsiz və normativ tələblərə uyğun inteqrasiyasını təmin edəcək.
Birgə fəaliyyətin digər vacib istiqaməti süni intellekt, məlumat analitikası, sənaye həlləri və telekommunikasiya sistemlərinin inkişaf etdirilməsidir.
Bununla yanaşı, əməkdaşlıq ölkədə “bulud” texnologiyaları üzrə bilik və bacarıqların inkişafına, eləcə də müasir texnoloji həllərin daha geniş tətbiqinə xidmət edəcək.
“AWS” ilə əməkdaşlığın genişləndirilməsi AZCON Holding-in Azərbaycanın rəqəmsal arxitekturasının gücləndirilməsinə verdiyi töhfənin davamıdır. Bu tərəfdaşlıq innovasiyaların təşviqi, rəqəmsal bacarıqların inkişafı və milli texnologiya ekosisteminin gücləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, bu əməkdaşlıq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş rəqəmsal transformasiya, “bulud” texnologiyalarının tətbiqi, süni intellekt və rəqəmsal bacarıqların inkişafı üzrə prioritetlərin reallaşdırılmasına töhfə verir.