Qaz payının artması SOCAR üçün enerji keçidi ilə bağlı riskləri azaldır - "Moody's"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilat strukturunda təbii qazın payının artması şirkət üçün qlobal enerji keçidi ilə bağlı riskləri azaldır.

Trend-in əldə etdiyi "Moody's" beynəlxalq reytinq agentliyinin son proqnozuna əsasən, SOCAR-ın istehsal portfelində qazın payının artması qlobal karbonsuzlaşdırma siyasətinin təsirlərini yumşaldır.

"SOCAR aşağı karbonlu iqtisadiyyata keçid, eləcə də ətraf mühitin çirklənməsi və tullantılarla bağlı risklərə məruz qalır. Qlobal iqtisadiyyat xam neftdən və fosil yanacaqlardan uzaqlaşdıqca, emissiyaların azaldılması və karbohidrogen sızmalarının qarşısının alınması ilə bağlı tələblər sərtləşdikcə, xüsusilə neft hasilatı ilə məşğul olan şirkətlərə təzyiq artacaq. SOCAR üçün bu risklər hasilat strukturunda təbii qazın payının artması hesabına yumşalır", – deyə "Moody's"in proqnozunda bildirilir.

Agentlik qeyd edir ki, şirkətin qaz hasilatının artımı qismən Fransanın "TotalEnergies" şirkəti tərəfindən işlənilən "Abşeron" qaz yatağındakı 35 faizlik iştirak payı hesabına təmin olunur.

 

"Abşeron qaz-kondensat yatağı Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi üzrə ən yeni layihələrdən biridir və ölkədə qaz hasilatının qorunub saxlanmasına töhfə verəcək. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon tondan çox qaz kondensatı həcmində qiymətləndirilir. Dənizdə tikinti işlərinə 2020-ci ildə başlanılıb, hasilata isə 2023-cü ilin ortalarında start verilib. İlkin mərhələdə illik qaz hasilatı təxminən 1,5 milyard kubmetr təşkil edəcək. Layihə SOCAR (35 faiz), "TotalEnergies" (35 faiz) və Abu Dhabi National Oil Company (30 faiz) şirkətlərinin iştirakı ilə yaradılmış birgə müəssisə tərəfindən həyata keçirilir", – sənəddə qeyd olunub.

"Moody's" analitikləri həmçinin vurğulayırlar ki, neft və qaz hasilatının həcmini qorumaq, coğrafi fəaliyyətini genişləndirmək və şaquli inteqrasiyanı gücləndirmək məqsədilə SOCAR beynəlxalq ekspansiyanı sürətləndirərək əsas diqqəti hasilat aktivlərinə yönəldib.

Belə ki, 2024-cü ildə şirkət "Abu Dhabi National Oil Company" (ADNOC)-un Umm Lulu və Satah Al Razboot dəniz neft konsessiyalarında 3 faizlik iştirak payını, 2025-ci ildə isə İsrailin "Tamar" dəniz qaz yatağında 10 faizlik payı, eləcə də Kot-d'İvuardakı Baleine dəniz layihəsində 10 faizlik payı əldə edib.

Bundan əlavə, "Moody's"in materialında qeyd olunur ki, 2026-cı ildə SOCAR İtaliyanın ən böyük inteqrasiya olunmuş neft emalı şirkətlərindən biri olan "Italiana Petroli" şirkətinin 5,5 milyard manata (təxminən 3,2 milyard ABŞ dolları) alınması prosesini tamamlayıb.