Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin tərəfdaşlığın prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib. Tərəflər birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlar arasında əməkdaşlıq imkanları, ticarət, sənaye, süni intellekt və digər innovativ istiqamətlər üzrə tərəfdaşlıq, eləcə də yaşıl enerji layihələrinin birgə həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəyi vurğulanıb.