Azərbaycandan Çexiyaya neft ixracının dəyəri artıb

Azərbaycanın Çexiyaya neft ixracının dəyəri artıb.

Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasına əsasən, cari ilin yanvar–iyun aylarında Azərbaycandan Çexiyaya 497,4 milyon ABŞ dolları dəyərində 705,8 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.

Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 milyon ABŞ dolları və ya 10,6 faiz çox, həcm baxımından isə 140,7 min ton və ya 16,6 faiz azdır.

Qurumun məlumatına görə, ötən ilin yanvar–iyun aylarında Azərbaycandan Çexiyaya 449,6 milyon ABŞ dolları dəyərində 846,5 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.

 

Cari ilin yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.

Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495 milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.

Xatırladaq ki, bundan əvvəl Çexiyanın Sənaye və Ticarət NazirliyiTrend-ə müsahibəsində Azərbaycanın Çexiya üçün etibarlı strateji tərəfdaş kimi özünü təsdiqlədiyini bildirmişdi. Nazirlik vurğulamışdı ki, Azərbaycan ölkənin əsas xam neft tədarükçülərindən biridir və Çexiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

"Praqa Azərbaycanı Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində mühüm tərəfdaş hesab edir və energetika sahəsində əməkdaşlığın daha da inkişafını dəstəkləyir. Neft və qaz tədarükünün şaxələndirilməsinin təmin olunması ölkənin enerji siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa, Xəzər regionu və Mərkəzi Asiya arasında əlaqələndirici körpü rolu onun Çexiya da daxil olmaqla Avropa dövlətləri üçün strateji tərəfdaş kimi əhəmiyyətini daha da artırır", – deyə nazirlikdən bildirilib.