"Azərenerji" ASC-nin cari ilin yanvar-iyun aylarında ixracdan əldə etdiyi gəlirlər açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul buraxılışında bildirilib ki, cari ilin yanvar-iyun aylarında "Azərenerji" ASC-nin ixrac gəlirləri 6,3 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə təxminən 2,7 milyon ABŞ dolları və ya 75 faiz çoxdur.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında siyahıya "SOCAR Polymer" MMC başçılıq edir. Siyahıda daha sonra "AzerGold" QSC, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərenerji" ASC, "Naxçıvan Enerji" MMC və "SOCAR-CAPE" MMC yer alır.
"Azərenerji" ölkənin enerji infrastrukturunun inkişafı istiqamətində layihələrin icrasını davam etdirir. Hazırda şirkət yeni elektrik ötürücü xətlərinin tikintisi və mövcud xətlərin modernləşdirilməsi üçün podratçıların müəyyənləşdirilməsi prosedurlarını həyata keçirir. "Xüsusilə, "Bankə" SES – "Nəvahi" yarımstansiyası arasında 330 kilovoltluq iki dövrəli elektrik ötürücü xəttin Şirvan Milli Parkının hüdudlarından kənara çıxarılması, 330 kilovoltluq "Bankə" yarımstansiyasının köçürülməsi üzrə əlavə işlər, həmçinin 110 kilovoltluq "Yevlax – Bərdə" elektrik ötürücü xəttinin tikintisi nəzərdə tutulur. Bu layihələrin ümumi dəyəri 17,428 milyon manat qiymətləndirilir", – deyə "Azərenerji" bildirib.
Bundan əlavə, Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında "Azərenerji" 11,479 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bunun 9,569 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,883 milyard kilovat-saatı su elektrik stansiyalarının, 27,4 milyon kilovat-saatı isə günəş elektrik stansiyalarının payına düşüb.