Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan 2010-cu ildən bəri bu maliyyə qurumu rəhbərinin Suriyaya ilk səfəri çərçivəsində Dəməşqdə bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Karahan Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şibani tərəfindən qəbul edilib və suriyalı həmkarı Məhəmməd Səfvət Raslan ilə danışıqlar aparıb.
İki ölkənin mərkəzi bankları arasında qarşılıqlı depozit hesablarının açılması barədə razılıq əldə edilib.
Tərəflər, həmçinin mərkəzi banklar arasında texniki və institusional əməkdaşlığı gücləndirmək, Suriya Mərkəzi Bankına texniki dəstək göstərmək, habelə iki ölkə arasında ticarət və maliyyə əməliyyatlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Fatih Karahan Türkiyə və Suriyanın müvafiq qurumları arasında əməkdaşlığın hər iki ölkənin iqtisadi rifahına töhfə verəcəyinə əminliyini bildirib.