Azərbaycan COP31-də böyük heyətlə təmsil olunacaq.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, bu il Bakıda İqlim Fəaliyyəti Həftəsi ilə yanaşı, BMT-nin İqlim Həftəsi də keçirilir.
“Bu il həm İqlim Fəaliyyəti Həftəsi, həm də BMT-nin İqlim Həftəsi eyni vaxtda keçirilir. Tədbirdə 2 500-ə yaxın iştirakçı qeydə alınıb. 100-dən çox ölkədən qonaqlarımız var. Həftə çox aktiv və maraqlı keçir. Bəzi hallarda tərəflərin emosional çıxışları da yadda qalır”, - deyə Muxtar Babayev bildirib.
Muxtar Babayev qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı ilə keçirilən görüşdə iqlim və beynəlxalq münasibətlər sahəsində böyük təcrübəyə malik çoxsaylı qonaqlar iştirak edib.
“Onlar bu məsələlərlə bağlı Azərbaycana çox vacib məsləhətlər verirlər, müzakirələrdə iştirak edir və tövsiyələrini səsləndirirlər. Bu, bizim üçün çox böyük faktordur. Bununla bir daha göstərilir ki, Bakı iqlim danışıqlarının mərkəzidir və iqlim danışıqlarına töhfə verən bir məkandır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, COP29-dan sonra iqlim gündəliyi üzrə fəaliyyətin davam etdirilməsi Azərbaycanın uğurudur.
“COP29-dan sonra belə bir davamlılığın təmin olunması Azərbaycanın uğurudur. Bu, Azərbaycana inamın, Azərbaycan dövlətinə böyük etimadın və ölkəmizdə aparılan iqlim siyasətinə böyük dəstəyin göstəricisidir”, - deyə Muxtar Babayev qeyd edib.
Azərbaycanın COP31-də iştirakı ilə bağlı suala cavab verən Azərbaycan Prezidentinin nümayəndəsi bildirib ki, ölkə COP31 komandası ilə sıx əməkdaşlıq edir.
“Çox aktiv işləyirik. COP31 komandası ilə birlikdə fəaliyyət göstəririk. Həm danışıqların keçirilməsində onlara dəstək göstəririk, həm də forum məkanının hazırlanmasında əməkdaşlarımız iştirak edir. COP31 komandası ilə işimizi çox işgüzar atmosferdə davam etdiririk”, - deyə o bildirib.
Muxtar Babayev Azərbaycanın COP31-də böyük heyətlə təmsil olunacağını da açıqlayıb.
“Çox böyük heyətlə iştirak edəcəyik. Qurumlar, nazirliklər, özəl şirkətlər, qeyri-hökumət təşkilatları təmsil olunacaq. Orada böyük pavilyonumuz olacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.