COP31 iqlim öhdəliklərinin həyata keçirilməsinə fokuslanacaq

COP31 iqlimlə bağlı öhdəliklərin praktiki şəkildə həyata keçirilməsinə və bəyan edilmiş məqsədlərin konkret nəticələrə, təşəbbüslərə və investisiyalara çevrilməsinə yönələcək.

Trend-in müxbiri xəbər verir ki, bunu COP31-in baş icraçı direktoru (CEO), Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində deyib.

Onun sözlərinə görə, iqlim böhranı dövlət sərhədləri ilə məhdudlaşmır və buna görə də birgə fəaliyyətə ehtiyac var:

“Böhran sərhədləri aşırsa, bizim iradəmiz də sərhədləri aşmalıdır. İqlim ədaləti bizim üçün əsas istiqamət olaraq qalacaq. COP31 masasında həssas regionların səsi olacağıq.

Bu həftə Bakıda biz həmçinin öhdəliklərdən onların həyata keçirilməsinə keçidlə bağlı birgə səylərimizi gücləndiririk”.

Varanq COP29 sədrliyinə iqlim diplomatiyasına verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib, iqlim maliyyələşdirilməsi məqsədi ətrafında əldə olunmuş konsensusu, Bakıdan Belemə qədər Bakı Yol Xəritəsinin irəlilədilməsini və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarının qaydalarının formalaşdırılmasının başa çatdırılmasını qeyd edib: “Bu nailiyyətlər Antalyaya doğru yolumuzda işimiz üçün möhkəm təməl yaradacaq”.

Varanqın sözlərinə görə, COP31-in missiyası öhdəlikləri konkret nəticələrə, təşəbbüslərə və investisiyalara çevirməkdir.

 

“Dünyaya yeni məqsədlər siyahısı deyil, mövcud məqsədlərin sahələrdə, sənayedə və şəhərlərdə həyata keçirilməsinə imkan verəcək iradə lazımdır. Buna görə də COP31-i reallaşma-yönümlü gələcəyin COP-u kimi müəyyənləşdirmişik”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.

Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.