AİİB Azərbaycanla çoxillik investisiya proqramının hazırlmasına yanaşmasını açıqlayıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanla çoxillik investisiya proqramının hazırlanmasına yanaşmasını açıqlayıb.

Bu barədə AİİB-nin baş iqtisadçısı Konor Barri Trend-ə verdiyi özəl müsahibədə danışıb.

Biz bu məsələ ilə bağlı razılaşmanın əldə olunması üçün sərt müddətlər və ya zaman çərçivələri müəyyən etmirik. Ölkəyə investisiya yatırmaq üçün çoxillik və daim yenilənən iş proqramının mövcud olması bizim üçün zəruri deyil. Biz belə bir proqram olmadan artıq 10 ildən çoxdur ki, Azərbaycana investisiya yatırırıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, belə bir proqramın hazırlanması hər iki tərəfə əməkdaşlığın prioritet istiqamətləri ilə bağlı daha aydın təsəvvür əldə etməyə imkan verəcək, lakin bu, yalnız proqramda sadalanan layihələrlə məhdudlaşma demək olmayacaq.

“Biz çoxillik proqramı razılaşdırdığımızı və daha digər istiqamətləri maliyyələşdirmədiyimizi dedikdə, bu, sabit son nöqtə olduğu anlamına gəlmir. Belə proqramların artıq razılaşdırıldığı digər ölkələrdəki çoxillik planlarımıza nəzər salsaq, görərik ki, hökumətin prioritetləri dəyişdikdə, yeni çağırışlar yarandıqda və ya yeni layihənin maliyyələşdirilməsinə ehtiyac olduqda, həmin layihələr də proqrama daxil edilir”, - deyə AİİB nümayəndəsi qeyd edib.

 

O vurğulayıb ki, belə proqramlar bankın konkret ölkədə maliyyələşdirə biləcəyi layihələrin tam siyahısı kimi nəzərdən keçirilmir.

“Bu baxımdan, belə bir proqramın razılaşdırılması və yekun müddətin müəyyən edilməsi ən mühüm aspekt deyil. Bu, daha çox bankın və ölkənin qarşıdakı illərdə inkişaf etdirmək niyyətində olduğu əməkdaşlığın səviyyəsinə dair siqnaldır”, - deyə Barri yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan AİİB-in 57 təsisçi dövlətindən biridir və bankın 2016-cı ildə fəaliyyətə başladığı vaxtdan etibarən onun səhmdarı və tərəfdaşı olaraq qalır.

AİİB-in Azərbaycanda ilk investisiyası 2016-cı ildə həyata keçirilib – bank Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi üçün 600 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

O vaxtdan etibarən əməkdaşlıq genişlənib: enerji sektorundan nəqliyyat infrastrukturuna, son dövrdə isə özəl sektorda bərpa olunan enerjiyə keçib. Ötən ilin sentyabrında Tyançində bank və Azərbaycan hökuməti strateji əməkdaşlıq haqqında birgə bəyannamə imzalayıb.