Son günlər, xüsusən də Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dənizçilik Forumundan sonra Orta Dəhliz və TRIPP layihələri Gürcüstan ictimaiyyətində yenidən müzakirə mövzusuna çevrilib. İqtisadçılar və ekspertlər bu layihələrin əhəmiyyətinin əsaslı surətdə artdığını bildirirlər.
G.Robokidze Universitetinin professoru, iqtisadçı-alim və ekspert Vaxtanq Çaraia AZƏRTAC-a müsahibəsində deyib ki, Orta Dəhliz Gürcüstan, eləcə də regionun digər iştirakçıları üçün mühüm layihədir. Bu layihə həm Gürcüstan, həm Azərbaycan, həm də Asiya və Avropa qitəsi üçün yeni imkanlar yarada bilər. Azərbaycan və Gürcüstanın bu layihədə birgə iştirakı kifayət qədər böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, layihənin reallaşması təkcə mövcud ərazilərdən istifadə hesabına mümkün olmayacaq. Burada ciddi investisiyalar, uzunmüddətli planın olması və hər bir ölkənin layihə çərçivəsində üzərinə götürdüyü işləri nə vaxt başa çatdıracağının müəyyənləşdirilməsi vacibdir. Belə bir planın olması və kifayət qədər böyük investisiya potensialının açılması imkanları mövcuddur.
"Söhbət təxminən 7 milyard dollarlıq investisiyadan gedir. Yüklərin daşınmasına sərf olunan müddət də azaldılmalıdır. Bununla yanaşı, turist axını da artmalıdır. Dünya Bankının qiymətləndirməsinə görə, 2030-cu ilə qədər turizm dövriyyəsi 3 dəfə artmalı, yüklərin daşınma müddəti isə 2 dəfə azalmalıdır. Bütün bunlar Azərbaycan və Gürcüstanın birlikdə həm Avropa İttifaqı, həm də Asiyanın müxtəlif ölkələri üçün ciddi oyunçulara və mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq", - deyə V.Çaraia bildirib.
İqtisadçı-alim TRIPP layihəsinin də əhəmiyyətini xüsusi qeyd edib: "Fikrimcə, Qafqaz regionunun ciddi və əhəmiyyətli oyunçuya çevrilməsi üçün regionda nəqliyyat yollarının şaxələndirilməsi lazımdır. Təkcə bir dəmir yolu, yalnız bir marşrut Cənubi Qafqazı geosiyasi baxımdan əhəmiyyətli oyunçuya çevirə bilməz. Əgər burada müxtəlif nəqliyyat yolları, sülh və tərəfdaşlıq olarsa, bu, biznesə özü üçün ən yaxşı alternativi seçmək imkanı verəcək. Eyni zamanda, yaradılacaq marşrutlar arasında müəyyən rəqabətin olması mümkündür. Bu isə xidmətin keyfiyyətini artıracaq, qiymətləri aşağı salacaq və yükdaşımalara sərf olunan vaxtı daha da azaldacaq".
Onun sözlərinə görə, nəticə etibarilə, belə tərəfdaşlıq və sağlam rəqabət, uzunmüddətli perspektivdə regionumuz üçün daha böyük imkanlar yaradacaq.
“Çünki biz son bir neçə onillik ərzində Cənubi Qafqazda davamlı qeyri-sabitlik, münaqişələr və Azərbaycanla Gürcüstan üzərindən keçən faktiki olaraq tək bir əsas marşrutun fəaliyyət göstərdiyi vəziyyətlə üzləşmişik. Fikrimcə, nə qədər çox əməkdaşlıq, tərəfdaşlıq və sülh olarsa, regiondakı hər ölkə və iştirakçı üçün bir o qədər yaxşı olacaq”, - deyə ekspert vurğulayıb.