COP31-in məqsədləri biznes imkanlarına çevrilməlidir - UNECE

COP31 sədrliyinin qarşıya qoyduğu məqsədlər yalnız iqlim öhdəlikləri kimi deyil, həm də biznes imkanları kimi nəzərdən keçirilməlidir.

Trend-in müxbiri xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində deyib.

“COP31 sədrliyinin hər bir məqsədi, onlar kifayət qədər iddialıdır, əslində biznes üçün imkan yaradır. Bu, fəaliyyəti genişləndirməyə, enerji və şəhər sistemlərinin işində nəzərəçarpacaq dəyişikliklərə nail olmağa imkan verir.

İqlim fəaliyyəti şəhərlər səviyyəsində həyata keçirilir. Məhz burada nazirlərin irəli sürdüyü iddialı hədəflər dünyanın sürətlə böyüyən və bəzən tamamilə dayanıqsız şəhərlərinin reallığı ilə sınaqdan keçirilir”, – o bildirib.

Onun sözlərinə görə, binaların enerji səmərəliliyi məsələsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün qəbul edilən texniki və siyasət qərarları şəhərlərin yaşayış üçün əlverişliliyini, əhalinin sağlamlığını və icmaların inkişaf imkanlarını müəyyən edəcək.

“İqlim gündəliyi insanlarla, onların gələcəyi və daha geniş mənada bu planeti qorumaq imkanları ilə bağlı məsələdir.

Bu gündəlik yalnız ekoloji məsələ deyil, həm də iqtisadiyyatın gələcəyi ilə bağlı məsələdir.

 

UNECE binaların enerji səmərəliliyi üzrə təklif olunan Antalya müqaviləsində əksini tapan iddialı hədəfləri qətiyyətlə dəstəkləyir”, – Mariyasin deyib.

Mariyasinin sözlərinə görə, 2035-ci ilədək binaların enerji tutumunun ən azı 25 faiz azaldılması hədəfi ölçülə bilən göstəricidir və binalar sektorunda qlobal gündəliyin öhdəliklərdən icraya keçməsinə töhfə verə bilər.

O qeyd edib ki, bu hədəfə nail olmaq üçün yalnız ayrı-ayrı binalara deyil, şəhər tikintisinin bütün dəyər zəncirinə və həyat dövrünə nəzər yetirmək lazımdır.

“Tikinti sektorunda təchizat zəncirinin transformasiyası uzunmüddətli töhfə verə bilər. Lakin dəyər zəncirini nəzərdən keçirmək ayrı-ayrı binaya nəzər salmaqdan daha mürəkkəbdir”, – Mariyasin bildirib.

Qeyd edək ki, bu gün Bakıda İqlim Fəaliyyətləri Həftəsinin dördüncü günüdür.

Tədbir çərçivəsində iqlim fəaliyyəti, enerji keçidi, iqlim maliyyələşməsi, dayanıqlı şəhərlər, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə müzakirələr aparılır.