Binaların enerji səmərəliliyi enerji tələbatını azaltmağın praktiki yollarından biridir.
Trend-in müxbiri xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Dəyişikliyi İdarəsinin direktor müavini Tuğba Dinçbaş Bakıda keçirilən İqlim Fəaliyyətləri Həftəsi çərçivəsində deyib.
Onun sözlərinə görə, şəhərlər qlobal iqlim gündəliyinin əsas istiqamətlərindən biridir. Çünki sürətli urbanizasiya, enerji tələbatının artması, ekstremal istilər, daşqınlar və iqlim dəyişikliyinin digər nəticələri məhz şəhərlərdə eyni vaxtda özünü göstərir.
“Şəhərlər həmçinin bir çox həll yollarının bir araya gətirilə biləcəyi məkanlardır. Şəhərlərə inteqrasiya olunmuş sistemlər kimi yanaşma iqlim dayanıqlığını və şəhər inkişafını, enerji səmərəliliyini, elektrikləşməni və maliyyələşməyə çıxışı, həmçinin milli planlarla onların icrası arasında daha sıx əlaqəni əhatə edir. Binalar bu gündəliyin mərkəzi hissəsidir”, – deyə o bildirib.
Dinçbaşın sözlərinə görə, binaların enerji səmərəliliyinin artırılması enerji tələbatını və emissiyaları azaltmaq üçün ən birbaşa və praktiki imkanlardan biridir. Bu, eyni zamanda dayanıqlığın, əlçatanlığın və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
“COP28 çərçivəsində binaların enerji səmərəliliyinə xüsusi diqqət yetirilməsi və aydın, ölçülə bilən hədəflərə keçilməsi təklif olunub.
Qlobal məqsəd 2020-ci il baza səviyyəsi ilə müqayisədə 2035-ci ilədək binaların enerji tutumunu ən azı 20 faiz azaltmaqdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda İqlim Fəaliyyətləri Həftəsinin dördüncü günüdür.
Tədbir çərçivəsində iqlim fəaliyyəti, enerji keçidi, iqlim maliyyələşməsi, dayanıqlı şəhərlər, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə müzakirələr aparılır.