Sərhəddə qida nəzarəti məntəqələri yaradılacaq

Azərbaycanda idxal və ixrac əməliyyatları üzrə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti üzrə məntəqələr qurulacaq.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

2027-2032-ci illər ərzində dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın, ticarət və daşınmanın intensiv olduğu ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət məntəqələrinin yerləşdirilməsi üçün ərazi seçimi və planlaşdırmasının həyata keçirilməsi planlaşdırılır.

Həmçinin, idxal və ixrac edilən məhsulların baytarlıq və fitosanitar yoxlamalarının həyata keçirilməsi üçün məntəqələrin tikintisi işlərinə başlanılması və idxal və ixrac edilən məhsulların baytarlıq və fitosanitar yoxlamalarının həyata keçirilməsi üçün 2 yeni qida təhlükəsizliyinə nəzarət məntəqəsinin fəaliyyətə başlaması da nəzərdə tutulur.

2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum kimi Qida Təhlükəsizliyi Agentliyi təyin edilib.

Digər içraçı qurumlar isə Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyidir.