Avqustda OPEC-in sutkalıq neft hasilatı 24 milyon bareli ötüb

Avqustda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 346 min barel artaraq gündəlik 24 milyon 81 min barelə çatıb.

AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, ötən ay təşkilat üzrə hasilatın ən böyük artımı İraqda müşahidə olunub. İraqın hasilatı 664 min barel artaraq gündəlik 3 milyon 378 min barel olub. Küveytdə isə neft hasilatı sutkalıq 49 min barel artıb.

Avqustda OPEC üzrə neft hasilatında ən çox azalma İranda müşahidə olunub. İranın hasilatı 399 min barel azalaraq gündəlik 2 milyon 86 min barelə düşüb. Səudiyyə Ərəbistanında hasilat gündəlik 75 min barel, Liviyada isə sutkada 9000 barel azalıb.

Keçən ay OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 297 min barel artaraq gündəlik 38 milyon 55 min barel olub.