"S&P" ABB qrupuna daxil olmasından sonra "Davr Bank"ın reytinqini yüksəldib

"S&P Global Ratings" Beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə yüksəldib, bankın qısamüddətli reytinqini isə “B” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz sabitdir.

"S&P Global Ratings"in qiymətləndirməsinə görə, reytinqin yüksəldilməsi agentliyin "Davr Bank"ı Azərbaycan Beynəlxalq Bankının (ABB) “orta dərəcədə strateji əhəmiyyətli törəmə strukturu” kimi qiymətləndirməsi ilə bağlıdır. Agentliyin qeyd etdiyi kimi, "Davr Bank" ABB qrupunun ümumi aktivlərinin 10–12 faizini təşkil edir.

“Biz "Davr Bank"ın ABB üçün orta dərəcədə strateji əhəmiyyətli törəmə struktur olduğunu hesab etdiyimiz üçün bankın reytinqlərini yüksəltmişik”, - deyə "S&P Global Ratings"-in məlumatında bildirilir.

Agentlik qeyd edir ki, bankın əldə edilməsi ABB-nin beynəlxalq ekspansiyanı və regional oyunçu kimi mövqe tutmasını nəzərdə tutan uzunmüddətli strategiyasına uyğundur. "Davr-Bank"ın adının "ABB Davr-Bank" olaraq dəyişdiriləcəyi gözlənilir.

Bununla belə, "S&P Global Ratings" iki bank arasında əməliyyat inteqrasiyasının dərəcəsinin hələ müəyyən edilmədiyini və bunun onların qarşılıqlı əlaqəsinin qiymətləndirilməsini məhdudlaşdırdığını bildirir. Eyni zamanda, agentlik ABB qrupunun kredit qabiliyyətini "Davr Bank"ın müstəqil kredit qabiliyyətindən daha yüksək qiymətləndirir və bankın reytinqinin müəyyənləşdirilməsi zamanı bunu nəzərə alır.

Pərakəndə və KOB kreditləşməsinə diqqət

“Biz "Davr Bank"ın növbəti 12 ay ərzində pərakəndə kreditləşməyə və kiçik və orta biznesin (KOB) kreditləşdirilməsinə diqqətini qoruyub saxlayacağını gözləyirik”, - deyə məlumatda bildirilir.

Agentliyin proqnozuna görə, bank 2026-cı ilin sonunadək yeni artım strategiyası hazırlayacaq. Bununla yanaşı, pərakəndə və KOB seqmentləri onun fəaliyyətinin əsas istiqamətləri olaraq qalacaq və gələcək artıma töhfə verəcək.

Bundan əlavə, "Davr-Bank"ın ABB qrupuna daxil olması ilə əlaqədar yaranan yeni imkanlardan yararlana biləcəyi gözlənilir. Söhbət, xüsusilə, Özbəkistanda Azərbaycan və Türkiyə şirkətlərinə xidmət göstərilməsindən, eləcə də ABB-nin beynəlxalq pul köçürmə xidmətlərinin inteqrasiyasından gedir.

"S&P Global Ratings" 2026-cı ildə "Davr Bank"ın kredit portfelinin 20–25 faiz artacağını proqnozlaşdırır. Bundan sonra artım tempinin 2027 və 2028-ci illərdə 30–35 faizə qədər sürətlənə biləcəyi gözlənilir.

 

Agentlik həmçinin bankın xalis faiz marjasının yüksək səviyyədə - 10–10,3 faiz həddində qalacağını gözləyir. Buna yüksək faiz dərəcələri və daha yüksək marjalı seqmentlərdə fəaliyyətin genişləndirilməsi dəstək verəcək.

Kapitalizasiya güclü tərəf qalacaq

"S&P Global Ratings" "Davr Bank"ın kifayət qədər kapital ehtiyatını qoruyub saxlayacağını gözləyir. Agentliyin baza ssenarisinə əsasən, 2026–2028-ci illərdə bankın səhmdarlar tərəfindən əlavə kapitallaşdırılmasına ehtiyac olmayacaq.

Bununla yanaşı, ana strukturla inteqrasiya kreditlərin təsnifatında dəyişikliklərə və ehtiyatların yaradılmasına tələbatın artmasına səbəb ola bilər. Mülkiyyət strukturunun dəyişməsi strateji planların yenidən nəzərdən keçirilməsinə, icra risklərinin yaranmasına və dividend siyasətində dəyişikliklərə gətirib çıxara bilər.

Sabit proqnoz "S&P Global Ratings"in "Davr Bank"ın ABB ilə işgüzar əlaqələrdən faydalanmaqla yanaşı, pərakəndə kreditləşməyə və KOB sektoruna yönəlməyə davam edəcəyi ilə bağlı gözləntilərini əks etdirir. Bununla yanaşı, agentlik kifayət qədər kapital ehtiyatlarının və aktivlərin qənaətbəxş keyfiyyətinin qorunacağını gözləyir.

“Bu, "Davr Bank"ın kapitallaşmasını kifayət qədər səviyyədə qiymətləndirməyimizi məhdudlaşdırır, hərçənd, kapitallaşmanın reytinqin güclü tərəfi olaraq qalacağını gözləyirik”, - deyə "S&P Global Ratings" qeyd edir.

Sabit proqnoz

"S&P" həmçinin bankın adekvat likvidliyini və beynəlxalq maliyyə institutlarından maliyyələşmə əldə etmək imkanını qoruyacağını proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın Davr Bankının 51 faiz səhmlərini təxminən 1,65 trilyon suma (140 milyon dollar) əldə edib.

Sövdələşmə sentyabrın 10-da ardıcıl altı birja əməliyyatı çərçivəsində həyata keçirilib. ABB hər birinin qiyməti 32 281,28 sum (təxminən 2,74 dollar) olan 51 milyon adi səhm əldə edib.