Hörmüzdə gəmiçilik üçün risklər Xəzər dəhlizlərinin əhəmiyyətini artırır - "Moody’s"

Hörmüz boğazından keçən gəmiçilik üçün yaranan risklər Xəzər ixrac dəhlizlərinin əhəmiyyətini artırır.

Bu barədə Trend-in əldə etdiyi "Moody’s"in hesabatında deyilir.

“Hörmüz boğazından keçən gəmiçilik üçün yaranan risklər Xəzər ixrac dəhlizləri və Cənubi Qafqazın tranzit şəbəkəsi də daxil olmaqla alternativ enerji və ticarət marşrutlarının əhəmiyyətini artırır. Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) hazırda ticarət axınlarının istiqamətinin dəyişməsindən faydalanır. Bu isə regionda dəmir yolu və logistika operatorlarının inkişafı üçün imkanlar yaradır”.

Bununla yanaşı, Moody’s qeyd edir ki, Orta Dəhlizin potensialının reallaşdırılması əhəmiyyətli investisiyalar tələb edəcək və layihələrin icrası, eləcə də borc yükünün artması ilə bağlı risklərlə müşayiət olunacaq. Bundan əlavə, bu potensialın reallaşdırılması Xəzər dənizinin keçidində mövcud “darboğazların” aradan qaldırılmasından asılıdır.

"Moody’s"in qiymətləndirməsinə görə, Yaxın Şərqdə davam edən münaqişənin Mərkəzi Asiya və Qafqaz (MAQ) ölkələrinin bank və şirkətlərinə birbaşa təsiri, ümumilikdə, neytral olacaq.

Hesabatda deyilir: “Bunun səbəbi MAQ ölkələrinin Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrdən karbohidrogen idxal etməməsi, Körfəz ölkələri ilə birbaşa ticarət əlaqələrinin isə məhdud qalmasıdır. Bununla yanaşı, Azərbaycanın enerji infrastrukturu və aviasiya sektoru münaqişə zonasına yaxınlıq səbəbindən potensial risklərə məruz qala bilər, lakin hazırda bu risklər aşağı qiymətləndirilir.

 

Eyni zamanda, münaqişə ümumilikdə Qazaxıstan və Azərbaycan da daxil olmaqla neft ixrac edən ölkələrə əlverişli təsir göstərir. Belə ki, neft qiymətlərinin yüksəlməsi ixrac gəlirlərini artırır və dövlət maliyyəsini gücləndirir. Neft-qaz sektorunda dəyər zəncirinin bütün həlqələri üzrə şirkətlərin daha yüksək gəlirləri və likvidliyi ilə yanaşı, bu amil dövlət xərclərini və yeni inkişaf proqramlarını dəstəkləyir, nəticədə bankların və şirkətlərin fəaliyyət şəraiti yaxşılaşır”,-deyə hesabatda vurğulanır.

"Moody’s" analitikləri qeyd edirlər ki, ümumilikdə Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatları geosiyasi hadisələrin yaratdığı dolayı risklərə inflyasiya vasitəsilə məruz qalır. Belə ki, enerji daşıyıcılarının, ərzağın və digər resursların qiymətlərinin artması pul-kredit siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrini və borclanma xərclərini yüksək səviyyədə saxlaya bilər.

Hesabatda deyilir: “Kreditləşməsində fiziki şəxslərin və kiçik və orta biznesin payı əhəmiyyətli olan banklar inflyasiya təzyiqinə xüsusilə həssasdır. İnflyasiyanın hazırda yüksək olan səviyyələrdən daha da artması halında Qazaxıstanın bank sektoru xüsusilə həssas vəziyyətə düşə bilər, çünki bu, əhalinin alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacaq”.

"Moody’s"in qiymətləndirməsinə görə, davam edən qiymət təzyiqləri və kreditlər üzrə yüksək faiz dərəcələri kreditlərə tələbi və borcalanların borclarını ödəmək imkanlarını məhdudlaşdıraraq bankların fəaliyyət şəraitinin yaxşılaşmasını ləngidir.

Hesabatda qeyd olunur: “Yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi Qırğızıstan banklarına da müəyyən təzyiq göstərə bilər. Burada iri və sürətlə böyüyən pərakəndə kredit portfelləri ev təsərrüfatlarının maliyyə vəziyyətindəki dəyişikliklərə həssaslığı artırır”.