Bu ilin 25-26 sentyabr tarixlərində Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutacaq.
“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunacaq builki forum dünyanın aparıcı investorlarını, dövlət və hökumət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirəcək.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
Azərbaycanın yeni investisiya imkanları
Bu baxımdan forum Azərbaycanın və bütövlükdə regionun investorlar üçün yaratdığı imkanların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən coğrafi mövqeyi, inkişaf edən nəqliyyat və logistika infrastrukturu, enerji layihələri, sənaye zonaların genişlənməsi, qeyri-neft sektorunun inkişafı ölkənin yeni investisiya istiqamətlərini formalaşdırıb.
Yeni tərəfdaşlıqlar və birgə layihələr üçün platforma
Builki forum dünyanın aparıcı investorlarını, dövlət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, beynəlxalq şirkətlərin nümayəndələrini, sahibkarları, investorları bir araya gətirəcək. Tədbirin əsas məqsədlərindən biri yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, birgə layihələrin müzakirəsi və uzunmüddətli investisiya tərəfdaşlıqlarının qurulmasıdır.
Orta Dəhliz: Azərbaycanın tranzit üstünlüyü
Forum çərçivəsində sessiyalarda qlobal və regional iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyan bir sıra istiqamətlər müzakirə ediləcək. Bu istiqamətlər arasında Azərbaycanın strateji mövqeyə malik olduğu Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Marşrutun beynəlxalq ticarət sistemində rolunun artması Azərbaycanın tranzit, logistika və regional ticarət imkanlarını daha da genişləndirir. Təchizat zəncirlərinin şaxələndirilməsi və alternativ logistika marşrutlarına marağın artması fonunda Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmək potensialını daha da gücləndirir.
Enerji təhlükəsizliyindən yaşıl keçidə
Enerji təhlükəsizliyi və yaşıl keçid forumun əsas müzakirə mövzularından olacaq. Ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji layihələrinə investisiyaların genişlənməsi Azərbaycanın enerji sektorunun yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir.
Süni intellekt və rəqəmsal transformasiya
Müzakirələrdə süni intellekt və rəqəmsal transformasiya məsələlərinə də yer veriləcək. Azərbaycanda innovasiya ekosistemi genişlənir və yeni texnologiyalara investisiyalar artır. Bu proseslər ölkənin gələcək iqtisadi inkişafında mühüm rol oynayır.
Sənaye və azad iqtisadi zonalar yeni imkanlar yaradır
Forumun gündəliyində sənaye zonaların inkişafı mühüm yer tutur. Yeni sənaye müəssisələrinin yaradılması, istehsal zəncirlərinin genişləndirilməsi, ixracyönümlü məhsulların istehsalı bu istiqamətdə əsas perspektivlərdən hesab olunur. Sənaye zonaları investorlar üçün daha əlçatan və çevik biznes imkanları təqdim etməklə regional istehsal və logistika mərkəzlərinin formalaşmasına töhfə verir.
Bundan əlavə, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak forumun strateji müzakirə istiqamətləri sırasındadır.
İnsan kapitalı gələcək investisiyanın əsas istiqamətidir
Xüsusilə insan kapitalı və innovasiyalara investisiyalar gələcək iqtisadi inkişafın əsas amillərindən biri kimi diqqət mərkəzində olacaq. Yeni texnologiyalar və sürətlə dəyişən əmək bazarı şəraitində ixtisaslı kadrların hazırlanması, peşəkar bacarıqların inkişaf etdirilməsi və bizneslə təhsil arasında əlaqələrin gücləndirilməsi uzunmüddətli investisiya strategiyasının mühüm komponentidir.
Beynəlxalq investorlarla birbaşa dialoq
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həmçinin Azərbaycan üçün beynəlxalq investorlarla birbaşa dialoq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli platforma olacaq. Forum çərçivəsində keçiriləcək görüşlər və müzakirələr potensial investisiya layihələrinin təqdim olunmasına, yeni biznes əlaqələrinin qurulmasına və müxtəlif sektorlar üzrə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yarada bilər.
Bakı regionun strateji biznes platformasına çevrilir
Ümumilikdə, forum Azərbaycanın regionlar və beynəlxalq bazarlar arasında iqtisadi əlaqələri birləşdirən, yeni layihələrin və tərəfdaşlıqların formalaşmasına şərait yaradan strateji biznes platforması kimi təqdim etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliyin artdığı bir dövrdə investisiya sabitliyi, qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq məsələlərinin Bakıda müzakirəyə çıxarılması forumun aktuallığını daha da artırır.
Bu mənada İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız iki günlük beynəlxalq tədbir deyil, həm də Azərbaycanın gələcək iqtisadi prioritetlərinin, investisiya imkanlarının və regionun qlobal iqtisadi sistemdə dəyişən rolunun müzakirə olunacağı mühüm strateji platforma kimi qiymətləndirilə bilər.