IEA Azərbaycanda 2026-2027-ci illərdə neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2026-cı ildə Azərbaycanda kondensat nəzərə alınmadan xam neft hasilatının günə 0,44 milyon barel (b/g) təşkil edəcəyini proqnozlaşdırır ki, bu da 2025-ci ilin göstəricisindən (0,47 milyon b/g) 6,4 faiz aşağıdır. IEA 2027-ci ildə hasilatın daha da azalaraq 0,43 milyon b/g təşkil edəcəyini gözləyir.

Trend-in hesablamalarına görə, bu, 2025-ci il səviyyəsindən 8,5 faiz, 2026-cı il üzrə proqnozdan isə 2,3 faiz aşağıdır.

Rüblük məlumatlara əsasən, 2026-cı ilin ikinci rübündə kondensat nəzərə alınmadan xam neft hasilatının 0,44 milyon b/g olacağı proqnozlaşdırılır. Üçüncü rübdə göstərici 2,3 faiz azalaraq 0,43 milyon b/g təşkil edəcək. Dördüncü rübdə isə hasilatın 2,3 faiz artaraq 0,44 milyon b/g-ə çatacağı gözlənilir. Hasilatın 2027-ci ilin birinci rübündə də bu səviyyədə qalacağı, ikinci rübdə isə 2,3 faiz azalaraq 0,43 milyon b/g təşkil edəcəyi proqnozlaşdırılır.

IEA-nın aylıq qiymətləndirmələri avqust ayında hasilatın daha əhəmiyyətli dərəcədə azaldığını göstərir. 2026-cı ilin iyun və iyul aylarında göstərici 0,44 milyon b/g olduğu halda, avqustda 0,40 milyon b/g-ə düşüb ki, bu da əvvəlki iki ayın hər biri ilə müqayisədə 9,1 faiz azalma deməkdir.

“Avqust ayında Azərbaycanda neft hasilatı 45 min b/g azalaraq 400 min b/g-ə düşüb. Buna bp şirkətinin operatoru olduğu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dəniz kompleksində aparılan texniki xidmət işləri səbəb olub. İşlərə Mərkəzi Azəri platformasında qaz hasilatının genişləndirilməsi layihəsi də daxil olub. Layihə qazın əksinə vurulması gücünün artırılmasına və neftvermə əmsalının yüksəldilməsinə yönəlib”,-deyə IEA-nın hesabatında qeyd olunub.

 

Agentlik qeyd edir ki, Azərbaycan uzun müddətdir neft hasilatının azalması ilə üzləşir. Mərkəzi Azəri yatağının işlənməsi və bununla bağlı qazın vurulması layihələri ehtiyatların tükənmə tempinin yavaşladılmasına yönəlib.

IEA-nın proqnozuna görə, Azərbaycanda kondensat daxil olmaqla ümumi neft hasilatı 2026-cı ildə 0,54 milyon b/g təşkil edəcək ki, bu da 2025-ci ilin göstəricisindən (0,58 milyon b/g) 6,9 faiz aşağıdır.

2027-ci ildə agentlik orta hasilatın 0,53 milyon b/g səviyyəsində olacağını proqnozlaşdırır Bu, 2026-cı il üzrə proqnozdan 1,9 faiz, 2025-ci il səviyyəsindən isə 8,6 faiz aşağıdır.

Rüblük bölgüdə Azərbaycanda ümumi neft hasilatının 2026-cı ilin ikinci rübündə 0,55 milyon b/g təşkil edəcəyi proqnozlaşdırılır. Üçüncü rübdə göstərici 3,6 faiz azalaraq 0,53 milyon b/g-ə düşəcək, daha sonra dördüncü rübdə 1,9 faiz artaraq 0,54 milyon b/g-ə yüksələcək. 2027-ci ilin birinci rübündə hasilatın 1,9 faiz azalaraq 0,53 milyon b/g təşkil edəcəyi gözlənilir.

IEA-nın aylıq qiymətləndirmələrinə əsasən, ümumi neft hasilatı 2026-cı ilin iyun və iyul aylarında 0,55 milyon b/g təşkil edib, avqustda isə 0,50 milyon b/g-ə düşüb ki, bu da aylıq ifadədə 9,1 faiz azalmaya uyğundur.